“Məhkumlardan 3-ü ölüm aclığına başlayıb, 2-si özünə qəsd edib”

Məhbusun bibisi: “6 saylı cəzaçəkmə müəssisəsində şikayət edəni lüt soyndurub asırlar, döyürlər”

Source:

Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində 3 məhkum ölüm aclığına başlayıb. Aclıq edənlər Tahir Şəmməd oğlu Həsənov, Vaqif Məmmədzadə və Elgün Qəhrəmanovdur. Bu haqda Meydan TV-yə məhkum Elgün Qəhrəmanovun bibisi Rahilə Hadıyeva məlumat verib.

“Qardaşımın oğlu Elgün Qəhrəmanov 6 ay 14 gün erməni əsirliyində olub. Xocalıdandır. Xocalıda ermənilər tərəfindən öldürülən 63 azyaşlı uşaqdan biri də Elgünün 6 yaşlı bacısı olub. Şəhid ailəsiyik. Erməni əsirliyində belə bu gün Azərbaycan türməsində Elgünə verilən zülmü verməyiblər. Ədliyyə nazirinə, Baş prokurora, ombudsmana şikayətlər yazırıq. Ombudsman özü getmir. Rəşid adlı nümayəndəsini göndərir, o da yazıb-pozur, çıxıb gedir. Deyir ki, araşdıracağıq. Amma araşdırmır. Rəhbərlik də şikayət edən məhkumlara deyir ki, hara şikayət edirsiz edin, bura yoxlama ancaq Penitensiar Xidmətdən gələcək. O yoxlamanın da pulun verib yola salacağıq. Açıq-aşkar deyirlər ki, onsuz da şikayətləriniz prezidentə çatmır” – deyə Rahilə Hadıyeva bildirir.

R.Hadıyevanın sözlərinə görə, aclıq edən məhkumların tələbi odur ki, üzləşdikləri qeyri-insani rəftar araşdırılsın, tədbir görülsün:

“Desələr ki, acıq edirik, bunu rəsmiləşdirin, rəsmiləşdirməyəcəklər. 3 gündür ki, çörək yemirlər, aclıq edirlər. Onsuz da orada yeməyə bir şey vermirlər. Hüquqları hər addımda tapdanır. Penitensiar Xidmətə şikayət edirik. Oradan Təhqiqat İdarəsinin rəisi Elşad müəllimi göndərirlər. O da cəzaçəkmə müəssisəsinə gedib təzyiq altında, hədə-qorxu gəlməklə şikayətləri geri götürməyə məcbur edir. Məhkuma yazdırırlar ki, heç bir şikayətim və tələbim yoxdur. Türmə adminstrasiyasına “işləyən” 10-15 məhkuma da yazdırırlar ki, vəziyyət yaxşıdır, heç bir problem yoxdur. Bütün bunlara etiraz olaraq aclıq elan ediblər. İstəyirik ki, məsələni Penitensiar Xidmət deyil, başqa qurum xəbərdarlıq etmədən araşdırsın. Görəcələr ki, 6 saylı Cəzaçəkmə Müəssisəsində pulu olmayan dustaqlara hansı dəhşətlər yaşadırlar. Erməninin əsirliyində olanda bu cür münasibəti görməmişdik. Hazırda cəzaçəkmə müəssisəsindəki tibbi-sanitar hissədə 100 nəfər dustaq saxlanılır. Orada istilik, daimi su, televizor var. Həmin hissədə 25 otaq yerləşir. Hər birində 4 dustaq saxlayırlar. Orada məhkumun 1 ay qalmağının qiyməti 300 manatdır. Real xəstə dustaqları isə ora yerləşdirmirlər. Çünki imkansız məhkumların ora düşməsi mümkün deyil. Pul ala bilmirlər axı onlardan”.

R.Hadıyevanın sözlərinə görə, cəzaçəkmə müəssisəsi 2 hissəyə bölünüb: “1300 məhkumun 500 nəfəri pulludur. Yerdə qalanlar isə kasıb. Müəssisədə dövlətin ayırdığı ərzağı məhkumlara pulla satırlar. Kafe açıblar, orada satırlar. Bir nəfərin günorta yeməyi 4-5 manatdır. Pulu olmayan məhkuma isə perlova, ətsiz yemək, artof soyutması, sup verirlər. Supun içində ət tapan olmaz. Qəfil yoxlama gedib baxsın. Qanunu kənara qoyublar, hər şey pulladır. Sözün düzünü deyənə “kars” verilir. And olsun Allaha ki, orada pulu olmayan məhkumları ac saxlayırlar. Etiraz edənləri asırlar, döyürlər. Elə döyürlər ki, sanki öldürmək istəyirlər. Bundan prezidentin xəbəri yoxdur. Görüş 20-30 manatadır. Telefonun dəqiqəsi 1 manatdır. Qanunla həftədə 2 dəfə 15 dəqiqə olmaqla pulsuz danışıq üçün şərait yaratmalıdırlar. Yaratmırlar. Hamamlar pulludur. Qapılarına qıfıl vururlar. Pulu olmayan məhkum çimə bilmir. 2 manat verməsə, hamama buraxmırlar. Ayda 1000 manat pulu gələn yaşayır, pulu olmayan isə əzab-əziyyət, məhrumiyyət içində saxlanılır, alçaldılır, döyülür, işgəncəyə məruz qalır”.

R.Hadıyeva deyir ki, qardaşı oğlunu döyüb əlil ediblər: “Elgün səhv edib, əlindən xəta çıxıb və ora düşüb. Xətasına görə 6 il azadlıqdan məhrum ediblər. Sanki həyatdan da məhrum etmək üçün fürsət axtarırlar. Azərbaycan dövləti vətəndaşına sahib çıxsın. Elgünü o qədər döyüblər ki, qrija əmələ gəlib, sol qulağını vurub kar ediblər. Gözünü kor ediblər. Yeriyə bilmir, nəfəsi təngiyir. Penitensiar Xidmətdən həkimlər gedir, yalandan yazırlar ki, yaxşıdır. Bir qəzadır başına gəlib, ailəsinin içində söyüb təhqir ediblər, Elgünün də əlindən xəta çıxıb. Həmin xətaya görə cəzalandırmısız, azadlığını əlindən almısız. Daha niyə döyürsüz, öldürürsüz? Niyə ac saxlayırsız? Elgün erməni əsirliyindən sağ-salamat qayıtmışdı. 6 saylı cəzaçəkmə müəssisəsindən sağ qayıdacağına ümidimiz yoxdur. Orada dustaqları döyüb öldürürlər. İmkan vermirlər ki, prezidentin qəbulunu düşək, sözümüzü deyək. Şikayət edirlər, lüt soyndurub asırlar, döyürlər. 15 sutka “karsa” salırlar. Haqqını tələb edənə 15 sutka “kars” verilməsi harada yazılıb? Təhqiqat şöbəsinin rəisi polkovnik-leytenanat Elşən və müavini Bəhruz müəllim gedir. Əllərində dəyənək dayanırlar başlarının üstündə. Deyirlər ki, dediyimizi yazmasan əllərinə qandal vurub döyəcəyik. Pis gündə döyürlər. Lüt soyundurub “kars”a salırlar. Ac-susuz saxlayırlar. Müəssiəsə rəisi Məmməd Mahmudova şikayət edirik. O da göstəriş verir, döyüb işgəncə verirlər”.

R.Hadıyeva deyir ki, müəssisədə baş verən qanunsuzluqlara, haqsızlıqlara etiraz edən məhkum Yaşar Mərdəliyev bir neçə gün əvvəl özünü asıb:

“Yaşar Mərdəliyev özünü “kaptyorka”da asıb. Bundan xəbər tutan müəssisə əməkdaşları onun boynuna keçirdiyi ilgəyi açıblar. Məhkum 4 saat koma vəziyyətində qalıb. Onu döyüb 15 sutkalığa cəza kamerasına salıblar. 1 həftədən artıqdır ki, cəza kamerasında saxlayırlar. Yaşar Mərdəliyevi lüt soyundurub qollarından asılmış vəziyyətdə saxlayırlar. Qandalın bir ucu dəmir məhəccərə, digəri ucu məhkumun qollarına vurulub. Qandallar məhkumun bədəninin ağırlığından onun qollarını kəsib. Məhkumun ayaq barmaqlarının ucu yerə zorla çatır. Allah bu zülmü götürməz. Məhkum nə istəyir? Haqqını tələb edir də. Niyə döyüb öldürürsüz?”R.Hadıyeva deyir ki, məhkum Elmar Mərdanov da qanunsuzluqlara etiraz edərək özünə xəsarət yetirib. Hazırda ağır durumda cəza kamerasında saxlanılır.

R.Hadıyeva ölkə rəhbərliyinə müraciət edərək 6 saylı Cəzaçəkmə Müəssisəsində baş verənlərin təcili araşdırılmasını istəyir.

Penitensiar Xidmətin mətbuat xidmətinin rəisi Mehman Sadıqov Meydan TV-yə deyilənləri təkzib edib:

“Hazırda adları çəkilən məhkumların heç biri aclıq etmir. Ümumiyyətlə, Vaqif Məmmədzadə sakit adamdır, o, heç vaxt bu cür aksiyalara qatılmır. Tahir Şəmməd oğlu Həsənov və Elgün Qəhrəmanov isə özləri barəsində mütamadi olaraq belə yalan məlumatları yaxınlarına ötürürlər”.

Ana səhifəXəbərlər“Məhkumlardan 3-ü ölüm aclığına başlayıb, 2-si özünə qəsd edib”