Kimlər əfv üçün müraciət edə bilər və kimlər edə bilməz? Əfvetmə haqqında əsasnamə nədir və kimlərə tətbiq edilir? Bu dəfəki yazımızda bu və başqa suallara cavab veririk.
Əfv fərmanı Azərbaycan prezidentinin xüsusi səlahiyyətinə daxildir və fərdi qaydada müəyyən edilən şəxslər barədə tətbiq olunur. “Əfvetmə haqqında” Əsasnaməyə görə, əfv fərmanı Azərbaycan məhkəmələrinin məhkum etdiyi şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycanda çəkən Azərbaycan vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər.
“
Əfvetmə haqqında” Əsasnaməyə görə bu fərmanla məhkum cəzasının qalan hissəsini çəkməkdən azad edilə bilər, təyin olunmuş cəzanın müddəti azaldıla bilər, cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. Ömürlük azadlıqdan məhkum olunmuş şəxsin cəzası 25 ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər, habelə cəzanı çəkmiş şəxsin məhkumluğu götürülə bilər. Əfvetmə şəxsə bəraət qazandırmır və cinayətin törədilməsi faktını aradan götürmür, bu, sadəcə olaraq məhkum olunmuş şəxsə göstərilən humanizmin təzahürüdür.
Hüquq müdafiəçilərinin rəyinə görə, Prezidentin istənilən şəxsi – barəsində məhkəmə hökmü olub-olmamasından, hökmün apellyasiya məhkəməsində qüvvəyə minib-minməməsindən, cəzanın nəzərdə tutulumuş hissəsini çəkib-çəkməməsindən asılı olmayaraq – əfv etmək səlahiyyəti var.
Məhkumetmənin səbəbindən asılı olaraq əfv üçün müraciətin vaxtı dəyişir. Bunlar aşağıdakılardır:
1. İslah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və böyük ictimai təhlükə törətməyən cinayətə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs barədə – hökm qanuni qüvvəyə mindikdən sonra;
2. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı üçdə bir hissəsini çəkdikdən sonra;
3. Ağır və xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı yarısını çəkdikdən sonra;
4. Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs barədə – cəzanın on il müddətini çəkdikdən sonra;
5. Məhkumluğun götürülməsi barədə – məhkum olunmuş şəxs cəzanı çəkdikdən sonra müraciət edə bilər.