Cavad Cavadov: “Kredit şikayətləri ümumi işin 82 faizini təşkil edir”
“Məhkəmələr icraatlarında olan kredit işlərinin içində batır”, – vəkil Cavad Cavadovun sözləridir.
O bildirir ki, Dövlət Statistika Komitəsinə 2016-cı ildə məhkəmədə baxılan mülki işlərin rəqəmləri barədə sorğu göndərdə də, ona məlumatın hazır olmadığı bildirilib:
“Keçən ilin ilk yarısında baxılmış işlər barədə məlumat veriblər. Bunlar da çox maraqlıdır. 2015-ci ildə məhkəmələrdə 228 428 işə baxılıb. 2016-cı ilin birinci yarısında isə bu rəqəm 166043-dür”.
Cavad Cavadov bildirir ki, 2015-ci ildə məhkəmələrdə baxılmış işlərdən 171 664-ü kredit münasibətləri ilə bağlıdır. Bunlar ümumi işin 75,15 faizin təşkil edib:
“Yalnız keçən ilin ilk yarısında bu kateqoriyadan olan işlərin sayı 136 231 olub. Bu isə həmin dövr üçün işlərin ümumi həcminin 82 faizi edir. Şəxsi müşahidələrimə görə 2016-ci ili tam əhatə edən məlumatlar açıqlandıqdan sonra bu rəqəmlər artan templə davam edəcək”.
Vəkil deyir ki, bu statistik rəqəmlər belə bəzi nəticələr çıxartmağa imkan verir:
1.
Məhkəmələrin icraatında olan mülki işlərin 82 faizi kredit münasibətlərindən irəli gəldiyi üçün hakimlərin digər işləri normal araşdırması fiziki baxımdan mümkün olmur;
2.
Məhkəmələrin iş yükü artan templə davam edir. Burada hakimlərin sayının artırılmasının mənası yoxdur. Qanunvericilikdə dəyişikliklər olunmalı, bu tipli işlərin sayının azaldılması üçün onlar notariat orqanına həvalə edilməlidir. Statistik rəqəmlərə görə, onsuz da məhkəmələr kredit münasibətlərindən irəli gələn işlərin əksər hissəsinə sadələşdirilmiş qaydada (tərəfləri dəvət etmədən) baxırlar. 2016-cı ilin ilk yarısında bu işlərlə bağlı 115415 məhkəmə əmri qəbul edilib. Bu da həmin işlərin 84 fazini təşkil edir.
3.
Beynəlxalq reytinq agentliyinin “S&P” (Standard & Poor’s) Azərbaycanla bağlı yaydığı hesabatda deyilir ki, Mərkəzi Bank problemli kreditlərin həcmini gizlədir və reallıqda onların sayı 9 faizdən xeyli çoxdur. Gətirdiyim statistik rəqəmlər bunu dolayısı ilə təsdiq edir.
4.
İşlər üzrə qəbul edilmiş son nəticə icra edilməsi üçün icra qurumlarına təqdim olunur. İcra qurumunun bu sayda işlərin icrasını təmin edə bilməsi fiziki olaraq mümkün deyil.