Deputatlar bank-vətəndaş münasibətlərinə yenidən baxmağı təklif edir
“Konstitusiya Məhkəməsi iki devalvasiyadan sonra vətəndaş-bank arasındakı vəziyyəti tənzimləyən prosesə baxdı. Məhkəmə qərarı bankların xeyrinə çıxardı. Nəticədə insanlar məhkəmələrə üz tutur və uduzurlar. Minlərlə insanın əleyhinə qərarlar verilir. Belə olmaz”, – deputat Zahid Orucun sözləridir.
Mayın 31-də Milli Məclisdə “2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi olub. Müzakirə zamanı Zahid Oruc 100 min müraciətin hamısında bankların xeyrinə qərar çıxarılmasını anlaya bilmədiyini söyləyib:
“Nəticədə insanlar məhkəmələrdə hüququnun təmin edilmədiyini görür, özlərini yandırırlar. Məhkəmə-bank bucağında insanlar özlərinin hüquqi müdafiəsini görmürlər. Biz parlament vasitəsilə Konstitusiya Məhkəməsinə həmin hüquqi səndələrə yenidən baxılması üçün təkliflər etməliyik”.
Milli Məclis sədri Oqtay Əsədov deputatın bu çıxışına irad bildirib. O, Konstitusiya Məhkəməsinin dövlətin bir qolu olduğunu, haqsız qərar çıxarmadığını söyləyib:
“Zahid müəllim, danışığından belə çıxır ki, 100 min adam Konstitusiya Məhkəməsinə müraciət edib, o da millətə qarşı qərar çıxardıb? Bu nə deməkdir? Konstitusiya Məhkəməsi dövlətin bir qoludur”.
Mərkəzi Bank uçot dərəcəsini 5 faizdən 15 faizə çatdırıb
Zahid Oruc bildirib ki, milli valyuta ehtiyatını gücləndirmək üçün Mərkəzi Bank uçot dərəcəsini 5 faizdən 15 faizə çatdırıb. Deputat iqtisadi vəziyyətdəki problemləri, çətinlikləri siyasilərin də, dövlət rəhbərliyinin də etiraf etdiyini söyləyib:
“Burada qəbahət yoxdur. Bizdəki durum dünyada gedən proseslərin nəticəsidir. Devalvasiya prosesinin başlandığı 2015-ci ildən Mərkəzi Bankın valyuta ehtiyatları 9,8 milyard azalıb. Əgər biz maliyyə sabitliyinin bərpasından danışırıqsa, uçot dərəcəsinə baxmalıyıq”
Mərkəzi Bank valyuta bazarında ikinci oyunçuya çevrilib
Deputat Vahid Əhmədov isə tikinti və inşaat sektorundakı geriləmədən danışıb. O, bu geriləmənin ötən ildən hiss edildiyini söyləyib:
“Dəfələrlə ƏDV-nin differensiallaşdırılması ilə bağlı məsələ qaldırdıq. Vergilər Nazirliyi buna müsbət rəy versə də, ötən il bu problem həllini tapmadı. Valyuta ehtiyatalarında böyük geriləmə var. 2014-cü ildə 51 milyard olan ehtiyat bu il 37 milyarda enib. Mərkəzi Bank uçot dərcəsini 5 faizdən 15 faizə qaldırıb. Beləliklə də Mərkəzi Bank valyuta bazarında əsas oyunçudan ikinci oyunçuya çevrilib”.
Xarici borclar büdcənin 20 faizini təşkil edir
Deputat Əli Məsimli çıxışında Azərbaycanın xarici borclarına diqqət çəkib. O, xarici borcların büdcənin 20 faizini təşkil etdiyini söyləyib:
“Proses belə davam edərsə, bu, 30 faizdən də yuxarı ola bilər. Bəzi şirkətlər ağına-bozuna baxmadan borclanmaya gedirlər. Onların içərisində möhtəşəm layihələr həyata keçirənlər də, nə etdikləri məlum olmayanlar da var. Odur ki, məsələni araşdırmaq və qiymət vermək lazımdır. Yoxsa büdcənin böyük hissəsi borcların qaytarılmasına gedəcək. Təkcə banklar Azərbaycan iqtisadiyyatına 125 milyard vəsait qoyublar. Bu pullardan yeni bir Azərbaycan qurmaq olardı”.
Şahdağ Turizm Kompleksini saxlamaq dövlətin nəyinə lazımdır?!
“2016-cı ildə ümumdaxili məhsul 2015-ci illə müqayisədə 3,4 faiz azalıb”, – deputat Qüdrət Həsənquliyev belə deyib. O, ildən-ilə borc və faizlərinin büdcədən ödənilməsindən narahat olduğunu söyləyib:
“Dövlət zəmanətləri ilə götürülən borclara görə pullar ödənilir. Təkcə AZAL-a görə 624 milyon verilib. Dövlət AZAL-ı və digər bu kimi strukturları özəlləşdirməlidir. Məsələn, Şahdağ Turizm Kompleksini saxlamaq dövlətin nəyinə lazımdır?! Eləcə də, səhmdar cəmiyyətləri özəlləşdirmək gərəkir. Dövlət xəstəxanalarının saxlanılmasına 100 milyonlarla maliyyə xərclənir. Buna da ehtiyac yoxdur. Bu kimi qurumları özəlləşdirməyin vaxtı çatıb”.
İnsanlar bankdan kredit götürərkən müqaviləni oxumalıdır
Deputat Siyavuş Novruzov isə banklardan kredit götürülmə qaydalarından danışıb. O, vətəndaşların kredit götürərkən müqaviləni sonacan oxumalarının vacib olduğunu deyib:
“Hansısa bankların kreditləri verməsi ilə bağlı problemlər ola bilər. Amma bu kommersiya bankıdır. Vətəndaşlar kredit götürdüyü zaman imza atdıqları sənədləri diqqətli oxumalı, problem olduqda da məhkəməyə müraciət etməlidirlər. Bundan əlavə, kredit götürəndə vətəndaşlar onu qaytarmağı da düşünməlidirlər. Evi, maşını və digər əşyaları girov qoyub sonradan böyük problem yaşamağa ehtiyac yoxdur”.
Daha sonra S.Novruzov martda ötən ilin büdcəsinin hesabatının verildiyini deyərək, hazırda geniş müzakirəyə ehtiyac görmədiyini bildirib.
Layihə səsvermə ilə təsdiqlənib.