Qüdrət Həsənquliyev: “İnsanların məhkəməyə inamı azalır”
“Bəzi məhkəmə proseslərində şahidlərin ifadələrində dövlətə qarşı qanunsuz əməllərinin açıq etirafına rast gəlinir. Ancaq barələrində hüquqi ölçü götürülmür. Şahidlər prosesdə ifadə verən zaman vəzifədə olarkən nə qədər yeyinti etdiklərini, hansı qanunsuzluqlar törətdiklərini açıq, meydan oxuyaraq bildirirlər. Təəssüf ki, bizim məhkəmə hüquq sistemi sonra bununla bağlı tədbir görmür. Bu da insanların məhkəmə ədalətinə inamını azaldır”.
İyunun 30-da Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev belə deyib. O, belə halları dövlətə meydan oxunması kimi qiymətləndirib. Ölkədə bəraət hallarının az olduğunu deyən deputat bunun narahatedici olduğunu vurğulayıb.
Parlamentdə bu gün müxtəlif məhkəmə instansiyalarına hakimlərin təyinatı ilə bağlı qanun layihələri müzakirə edilib. Çıxış edən Milli Məclis sədrinin birinci müavini, Məhkəmə-hüquq şurasının üzvü Ziyafət Əsgərov işlərin sayının xeyli artdığını deyib:
“Hakimlər işlərinin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Bütün bunlara baxmayaraq, yeni çağırışları nəzərə alaraq hakimlərin iş yükünün azaldılması istiqamətində qanunvericilik islahatları davam edir”.
Z.Əsgərovun sözlərinə görə, prezidentin sərəncamı əsasında vətəndaşlar məhkəməyə elektron sistemlə müraciət edə bilir:
“Vətəndaşlarımız yeni sistem əsasında şəxsi kabinet yaratmaqla məhkəmələrə ərizə verir, rüsumu elektron qaydada ödəyə bilirlər. Ölkəmizdə 9 məhkəmə üçün yeni bina inşa olunur”.
Z. Əsgərovun sözlərinə görə, ötən dövrdə hakimlərin sayı 2 dəfə artırılsa da, Azərbaycanda 100 min nəfərə 6 hakim düşür: “Bu rəqəm Avropa ölkələrində 20-dir. Bu baxımdan ölkəmizdə də hakimlərin sayının artırılmasına ehtiyac var”.
Birinci vitse-spiker qeyd edib ki, Azərbaycan məhkəmə sahəsində aparılan islahatlara görə, bir sıra Avropa ölkələrinə nümunə ola bilər:
“Bəzən bildirilir ki, Avropa Məhkəməsinin ölkəmizə qarşı qərarların sayı çoxalır. Lakin statistik göstəricilərə nəzər salsaq görərik ki, təkcə 2016-cı ildə Avropa Məhkəməsi tərəfindən ölkəmizlə bağlı 16 qərar qəbul edilib. Hansı ki, Yunanıstana 41, Özbəkistana qarşı 33 qərar verilib”.
Hakimlərin yerdəyişməsi ilə bağlı qanun layihəsini barədə isə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Azərbaycan Prezidentinin təşəbbüsü ilə MM-ə daxil olan layihələrə görə, hakimlər Akif Əsgər oğlu İsgəndərov, Əhməd Güləhməd oğlu Nurməmmədov, Mehparə Tofiq qızı Əhmədova və Rahib Sahib oğlu Nəbizadənin Ali Məhkəmə hakimliyinə namizədlikləri irəli sürülüb.
Bakı Apelyasiya Məhkəməsinin hakimi Elşanə Vəliyevanın vəzifəsindən azad edilərək iyulun 28-dən etibarən Ali Məhkəməyə hakim təyin edilməsi təklif olunub.
Kəpəz Rayon Məhkəməsinin hakimi Nuru Nadir oğlu Quliyev və Tovuz Rayon Məhkəməsinin hakimi Ədil İsa oğlu Məmmədov Gəncə Apelyasiya Məhkəməsinə, Quba Rayon Məhkəməsinin hakimi Elman Məmməd oğlu Əhmədov və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi Zaur İkram oğlu Məmmədov isə Sumqayıt Şəhər Apelyasiya Məhkəməsinə hakimliyə təqdim olunublar.
Bundan başqa, Apelyasiya Məhkəməsinin vaxtı başa çatmış bir çox hakimlər yenidən həmin instansiya məhkəməsinə hakim təyin ediliblər. Bakı Apelyasiya Məhkəminin 2 hakimi isə vəzifəsindən azad edilib.
Layihələr səsə qoyularaq qəbul edilib.