Keçmiş futbolçu zərəri ödəyəcəyini bildirdi
Noyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Meydan TV-nin məlumatına görə, iclasa hakim Mirzə Xankişiyev sədrlik edib.
İclasda M. Əhmədov çıxış edərək dəymiş zərəri ödəyəcəyini bildirib. Zərərçəkmiş Yusif Əzizov isə M. Əhmədovla aralarında heç bir razılaşma olmadığını deyib və ona ağır cəza verilməsini istəyib.
Hakim bildirib ki, iclasda M. Əhmədovun vəkili iştirak etmir. Buna görə proses dekabrın 2-nə təxirə salınıb.
Bundan sonra M. Əhmədovla zalda olan zərərçəkmiş Sərxan arasında əlbəyaxa dava olub. Nəzarətçilər onları ayırıblar.
M. Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. İttihama görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs- qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəz edilib.