Məhkəmədə AXCP üzvünün vəziyyəti pisləşdi

“Bu da stress yaradır və nəticədə bugünkü vəziyyət yaşandı…”

Source: Foto: sosial şəbəkə


“Polislər o qədər açıq yalan danışırlar ki, əsəblərim dözmədi”

Ötən ilin iyulunda Bakıda keçirilən Qarabağa və Orduya dəstək yürüşündən sonra həbs olunanların, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 15 fəalının məhkəməsi davam edir. Aprelin 27-də Səbail Rayon Məhkəməsinin hakimi Ülviyyə Şükürovanın sədrliyilə keçirilən məhkəmə prosesində AXCP üzvlərindən Baba Süleymanovun səhhəti pisləşib. Ətrafdakıların köməyi nəticə vermədiyinə görə məhkəmə binasına təcili tibbi yardım çağrılıb. Həkim müdaxiləsindən sonra onun durumu normallaşıb.

Baba Süleymanov Meydan TV-yə bildirib ki, məhkəmə prosesində baş verənlərə görə əsəbiləşib və bu üzdən durumu pisləşib. Onun sözlərinə görə, 2018-ci ildən səhhətində ciddi problemlər var. Qapalı məkanlarla, isti yerlərdə olmaq, stress keçirmək səhhətinə kəskin təsir göstərir.

AXCP fəalı bildirib ki, aprelin 27-də məhkəmədə iki polis əməkdaşı şahid qismində dindirilib: “Polislər o qədər açıq-aşkar yalan danışırdılar ki, əsəblərim dözmədi. Vəkillərimiz vəsatət qaldırdı ki, polislərin ifadələri yerində yoxlansın. Hakim vəsatəti təmin etmədi. Ümumiyyətlə, bizim müdafiəçilərimizin qaldırdıqları vəsatətlərin heç biri təmin olunmur ki, kimin yalan, kimin doğru danışdığı bilinsin. Bu da stress yaradır və nəticədə bugünkü vəziyyət yaşandı…”

Qarabağa dəstək yürüşünə görə həbs olunan 36 nəfər 2020-ci ilin noyabr-dekabr aylarında ev dustaqlığına buraxılıb. Həbsdə olduğu dövrdə Baba Süleymanovun Bakı İstintaq Təcridxanasında dəfələrlə vəziyyəti pisləşib. Hətta o, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

Məhkəmə prosesi mayın 4-də davam edəcək.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 127 (qəsdən sağlamlığa az ağır zərər vurma), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak) və 315 (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələrilə ittiham irəli sürülüb.

AXCP bu ittihamların saxta olduğunu, üzvlərinin siyasi sifarişlə məsuliyyətə cəlb edildiyini bəyan edib.

Ana səhifəSiyasətMəhkəmədə AXCP üzvünün vəziyyəti pisləşdi