14.05. Arif Yunusu müayinə etmək üçün məhkəməyə çağırılmış təcili yardım həkimləri növbəni dəyişiblər. Ancaq onların heç biri Arif Yunusun vəziyyəti barədə məlumat vermək istəməyiblər. Meydan TV əməkdaşının sözlərinə görə, məhkəmənin önündə dayanmış “Hyundai” markalı, qara rəngli maşında daha bir ağxalatlı əyləşib. Ancaq həmin şəxs də jurnalistlərin suallarını cavablandırmaq istəməyib.
Məhkəmə 4 avqust, saat 10:00-dək təxirə salınıb.
13.15. Məhkəmə prosesi hüquq müdafiəçisi Sahib Məmmədovun ifadəsi ilə başlayıb. O, 2001-ci ilə qədər Leyla Yunusla əlaqəsi olduğunu deyib. Bildirib ki, sonradan əlaqələri kəsilib və qohumluqları yoxdur. Şahid deyib ki, 2002-ci ildə Ermənistanda səfərdə olub. Ancaq həmin heyətdə Yunuslar iştirak etməyiblər. “Mən Yunusların məsələsi ilə bağlı deyil, digər məsələlərlə bağlı bir neçə dəfə prokurorluğa çağrılmışam. Orda da Leyla Yunusla bağlı suallara yalnız “hə”, “yox” cavabını vermişəm. Məlumatım odur ki, Leyla Yunus Sülh və Demokratiya İnstitutunu təsis edib. Mən isə beynəlxalq təşkilatlarda ekspert olmuşam. Qrant layihələrinin maliyyələşməsində iştirak etmişəm”.
Sahib Məmmədov fikrini yekunlaşdıra bilməyib, Arif Yunusun vəziyyəti pisləşib. Leyla Yunus qışqıraraq, həkim çağrılmasını xahiş edib. Arif Yunusun halı 10:30-da pisləşsə də, həkim 10:55-də gəlib. Leyla Yunus bildirib ki, həyat yoldaşı 2014-cü ildə insult keçirib və MTN-dəki həkimin bundan xəbəri var: “Xahiş edirəm, MTN-dəki həkimi çağırın, o, dərman verib, vəziyyəti o bilir. Heç olmasa, xərəyə qoyub MTN-ə aparsınlar”. Onun bu sözlərinə reaksiya verilməyib. Təcili yardım gələrkən Leyla Yunusu şüşə qəfəsin kənarına doğru çəkiblər. Leyla Yunus hakimdən icazə verməsi üçün xahiş edib:
– Xahiş edirəm, icazə verin onu aparsınlar
Hakim:
– Buna ancaq həkimlər qərar verə bilər
– Onlar sizdən qorxurlar
– Mən əzrayılam, qorxsunlar?
– Siz əzrayıldan da betərsiz.
Sonra həkim Arif Yunusun səhhəti ilə bağlı açıqlama verib: “Həyat yoldaşının məlumatına görə, 3-cü dərəcəli hipertonikdi. Hazırda təzyiqini 180-nə düşürmüşük. 10q “Maqnezium”, “Analgin”, “Dimedrol” vurmuşuq. Özü istəsə, ayağa qalxa bilər.
Proses saat 14:00-dək təxirə salınıb.
Meydan TV-nin əməkdaşının bildirdiyinə görə, güman ki, proses təxirə salına da bilər.
Proses yenə yarımqapalı keçirilir
Avqustun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Leyla Yunusun və həyat yoldaşı, tarixçi Arif Yunusun məhkəmə prosesi davam etdirilir.
Prosesin gedişi zamanı Arif Yunusun səhhəti pisləşib. Bu barədə vəkil Əfqan Məmmədov məhkəməni çöldən izləyən Meydan TV əməkdaşına bildirib ki, şahidlərdəın birinin ifadəsi zamanı təcili yardım çağrılıb, səbəb Arif Yunusun təzyiqinin 200-ə qalxması olub.
Buna görə prosesdə fasilə elan olunub.
Meydan TV əməkdaşına bildirib ki, proses yarımqapalı aparılır. Belə ki, zalın dolu olduğunu əsas gətirən məhkəmə əməkdaşları jurnalistləri və prosesi izləməyə gələn ictimai-siyasi şəxsləri zala buraxmırlar. Ancaq prosesin başlamasından 1 saat öncə məhkəməyə gələn ictimai fəallar əsas qapıdan heç kimin içəri keçmədiyini biıdirirlər.
Prosesi izləməyə gələn Amerika, Almaniya səfirliklərinin və Avropa İttifaqının nümayəndələri zala buraxılıblar. Böyük Britaniya və Niderland səfirliklərinin nümayəndələri isə hazırda gözləmə zalındadırlar, zala buraxılmırlar.