Məhkəmədə: Arif Alışanov kürəkəninin gəzdiyi qızı öldürmüşdü

Arif Alışanov

Arif Alışanov

“AzTV sədri MTN-in adamıdır”

" Bu iş ört basdır edilməməlidir, hər şey açılmalıdır. Bu işin bir tərəfi Eldar Mahmudova gedib çıxır".

Bu sözləri məhkəmədə “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov deyib.

Onunla birgə Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynov da mühakimə olunurlar.

Martın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Şücayət Əkbərov vəsatətlə çıxış edərək, Arif Alışanovun məhkəmə prosesində iştirak etməsini istəyib. Əks təqdirdə məhkəmənin təxirə salınmasını xahiş edib.

Məhkəmə vəsatəti təmin etməyib.

Hakim Ə.Hacıyev dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə A.Alışanovun iddia ərizəsi daxil olduğunu bildirib. Mülki iddiada Şücayət Əkbərovun A.Alışanova 4 milyon 582 min manat ödənilməsi tələb edilib. Məhkəmə iddianı icraata qəbul edib.

Ş.Əkbərovun vəkili müdafiə etdiyi şəxsin iki dəfə açıq ürək əməliyyatı keçirdiyini bildirib, onun qapalı şəraitdə saxlanıldığını, səhhəti ilə bağlı ekspertiza keçirilməsini istəyib. Məhkəmə bu vəsatəti də təmin etməyib.
Ş.Əkbərov məhkəməyə müraciət edərək ağır şəkər xəstəsi olduğunu deyib.

Daha sonra prosesdə məhkəmə istintaqı başlanılıb. Dövlət ittihamçısı Fərid Nağıyev ittiham aktını elan edib.
İttihama görə, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O, həçinin A.Alışanovun 4,5 milyon manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir.

Təqsirləndirilən şəxslər ittihamı qəbul etməyiblər. Ş.Əkbərov ifadəsində bildirib ki, A.Alışanovu 2007-ci ildən tanıyır:

"Gəlib Şamaxıda torpaq alırdılar. Mən yeri tapırdım və vasitəçilik edirdim. Arif Alışanov özü torpağa baxırdı, sonra alqı-satqı olurdu. Mən tək Arif Alışanovla yox, çox adamla alver etmişəm. Heç birində problem olmayıb. Arif Alışanovun kürəkəni Fərid də torpaq almışdı. Onlar boşananda Fəridi polislə gətirdilər və bütün əmlakı adından çıxarıb Arifin qızının adına keçirdilər. Arif Alışanov torpaq almasını gizli saxlayırdı. Çox vaxt maşından düşmürdü, torpaq sahibi ilə görüşmürdü".

Ş.Əkbərov Arif Alışanovun MTN əməkdaşlarının vasitəsi ilə ona təzyiq etdiyini deyib:

"Arif Alışanov MTN-in adamıdır. Məcbur edirlər ki, belə yaz. Mən ona görə şahid adı çəkmirəm. Lazım olanda şahidlərimi gətirəcəm. Arif Alışanov kürəkəninin gəzdiyi qızı öldürmüşdü. Mən də bunu bilirdim. Ona görə Arif Alışanov deyir ki, mən həbsdən çıxmayacam. Çünki istəmir bu sirlərin üstü açılsın. Bunlara görə məni aradan götürmək istəyirdilər. Kim olsa soruşar ki, aldığın torpağın sənədi hanı? Neçə il mən onu necə aldada bilərəm? Deyir, üç institut bitirib. Maşından tapılan silahların biri ov tüfəngidir. Qalanlarını maşınıma qoyub məni tutdurublar. Mən heç əsgərlikdə silah istifadə etməmişəm. Nəyimə lazımdır avtomat? Mənim Arif Alışanovu öldürmək fikrim olmayıb. Yetmiş milyonluq əmlakı var. Yəqin vaxt gələr hesabını sorarlar. Digər nazirlərdən artıq deyil ki. Mən onu öldürüb nəyə nail olacaqdım? Gəlirdi torpaq alırdı, pul qazanırdım. Əməliyyat olunanda mənə kömək edib. Nə ziyanı olub ki, öldürüm? "

Proses martın 14-də davam edəcək.

İstintaq materiallarına əsasən təqsirləndirilən şəxslər AzTV sədrinin həyatına bir neçə dəfə sui-qəsd cəhdi ediblər. Onun avtomobilini Ağsu aşırımında vurub dərəyə aşırmaq, bu da baş tutmadıqda Alışanovu gülləmək planları barədə istintaq materiallarında ətraflı bəhs edilir.

İş materiallarında iddia olunur ki, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarına qədər bu plan üzərində işləyib. O, tanışları Musabi Namazov, Qoçalı Cəbiyevə bu haqda danışıb, Qoçalının vasitəsilə Zöhrab Şirinovu tapıb, onunla razılığa gəlib. Q.Cəbiyevlə M.Namazova söz verilib ki, onlar bu işin əvəzində 600 min manat pul qazanacaqlar.

Arif Alışanov ailə üzvləri ilə birlikdə Şamaxının Mədrəsə qəsəbəsindəki evinə gedəndə onu, qızı Nigarı və sürücüsünü öldürmək planlaşdırılıb. İş materiallarında yazılıb ki, sonradan M.Namazov bu cinayətdən könüllü olaraq imtina edib. Ona görə də bu işi başqa bir adama həvalə etmək qərarına gəliblər. Q.Cəbiyev tanışı Z.Şirinovu tapıb, ona bu işin müqabilində 100 min manat vəd olunub.

Bu dəfə plan hazırlanıb ki, A.Alışanov bacısı oğlu Dəyanət Cəfərovla birlikdə maşınla Çuxuryurd- Şamaxı şosesində olanda onları yüksək sürətlə vurub dərəyə salsınlar. Avtomobilin markası, nömrəsi haqda da məlumat verilib. Amma Alışanov gözlənilmədən öz avtomaşınında yox, başqa bir avtomobildə gedib.

Növbəti dəfə isə Q.Cəbiyev əvvəlcədən ona nişan verilmiş «Toyota Land Cruiser» markalı avtomaşını özünün idarə etdiyi «Niva» ilə bir neçə dəfə arxa və yan hissəsindən vurub yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyib və sonda idarəetməni itirib.

Plan baş tutmasa da, Ş.Əkbərov vəd etdiyi 100 min manatın bir hissəsini Z.Şirinova verib. İttihamda yazılıb ki, 2017-ci ilin yanvarın 11-də növbəti dəfə A.Alışanovu Şamaxı rayonunda odlu silahla öldürmək qərarına gəliblər, amma yenə plan baş tutmayıb.

Təqsirləndirilən şəxslər ittihamı qəbul etmir, iş materiallarında yazılanların şər-böhtan olduğunu deyirlər.
Meydan TV AzTV sədrindən məhkəmədə səsləndirilən ittihamla bağlı münasibət öyrənə bilməyib. Quruma edilən zənglər zamanı Meydan TV-nin adını eşidən kimi dəstəyi asıblar.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/na1tnk

Ən çox baxılan