MTN əməkdaşının pensiya kartına qoyulmuş həbs götürülməyib
Yanvarın 25-də Sabunçu rayon Məhkəməsində MTN-nin həbsdə olan generalı Akif Çovdarov və onunla birlikdə həbs edilən nazirliyin əməkdaşları Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun növbəti məhkəmə iclası keçirilib.
Meydan TV-nin məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslərdən Səlim Məmmədovun vəkili Cavid Rzazadə vəsatətlə çıxış edərək müdafiə etdiyi şəxsin pensiya hesabının üzərinə qoyulan həbsin ləğvini istəyib. Lakin məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra Akif Çovdarovun vəkili Kamandar Nəsibov vəsatətlə çıxış edib. Bildirib ki, müdafiə etdiyi şəxsin səhhəti pisdir. O, iclasın təxirə salınmasını istəyib. Hakim deyib ki, A. Çovdarovla bağlı təyin edilən ekspertizada suallardan biri də onun iclasda iştirakı ilə bağlıdır. Sual qoyulub ki, A.Çovdarovun iclaslarda iştirak etməsinə səhhətinin imkan verib-verməməsi müəyyən edilsin. Həmin rəy gələnə kimi vəsatət baxılmamış saxlanılıb.
İclasda çıxış edən zərərçəkmiş Mübariz Məmmədov isə hər hansı şikayət və tələbinin olmadığını, istintaq zamanı verdiyi sonuncu ifadəni təsdiq etdiyini deyib. Daha sonra iclasda fasilə elan edilib. Fasilədən sonra A.Çovdarov özünü pis hiss etdiyini deyib və iclasın təxirə salınmasını xahiş edib. Məhkəmə buna görə təxirə salınıb.
İclas yanvarın 30-da davam edəcək.
Təqsirləndirilən şəxslər – Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.