Məhkəmə vətəndaşın xeyrinə qərar çıxarıb, nazirlik zərəri ödəmir

Azad Abdullayev. Foto: Meydan TV

Masallı sakininə məxsus zəlilər nazirliyin zavodunda satılıb

“Sərhəddə məndən müsadirə olunmuş zəliləri saxlanılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kiçik Qızılağac Balıqartırma Təsərrüfatına təhvil veriblər. Təsərrüfatın müdiri də zəliləri satıb. Məhkəmələr qərar çıxarıb ki, Balıqartırma Təsərrüfatı mənə 120 min manatı ödəsin, ancaq məhkəmə qərarı icra olunmur”.

Masallının Boradigah kənd sakini Azad Abdullayev Meydan TV-yə danışır ki, dədə-babadan tibbi müalicəvi zəli yetişdirməsiylə məşğul olublar. Uzun illərdir ki, zəli yetişdirib həm ölkə daxilində, həm də əsasən İranda satırlar. 2017-ci ildə növbəti dəfə Astaradan və Biləsuvardan bir gün fərqi ilə İrana zəli keçirmək istəyərkən saxlanılıb. Səbəb zəliləri təhvil verəcəyi İrandakı müəssisə ilə aralarında müqavilənin olmaması imiş. Zəlilər müsadirə olunub, özü isə bir neçə nəfərlə birlikdə (aralarında gömrük işçiləri də olub) cinayət məsuliyyətinə cəlb edilib. Astara gömrüyündə müsadirə olunan 68 min ədəd zəli Neftçaladakı Kərimov adına Balıqartırma Zavoduna, Biləsuvar gömrüyündə müsadirə olunmuş 112 min ədəd zəli isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kiçik Qızılağac Balıqartırma Zavoduna saxlanması üçün təhvil verilib. Azad Abdullayev 7 ay istintaq müddətini həbsdə keçirib və bu zaman hər iki zavodun rəhbərliyi onlara saxlanılması üçün verilmiş zəliləri satıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsi ona 2 il müddətinə şərti cəza kəsib, hökmdə müsadirə olunmuş zəlilərin özünə qaytarılması da əksini tapıb. Azad Abdullayev azadlığa çıxanda dəymiş zərərin ödənilməsi üçün hər iki zavodun rəhbərliyini məhkəməyə verib. Məhkəmə Neftçaladakı Kərimov adına Balıqartırma Zavodunun 68 min manat, ETSN Kiçik Qızılağac Balıqartırma Zavodununsa 112 min manat zərərin ödənilməsi ilə bağlı qərar çıxarıb. Kərimov adına zavodun rəhbərliyi zərəri ödəsə də, zəlinin sahibi digər zavodla bu mövzuda hələ də çəkişir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən Meydan TV-yə bildirilib ki, mübahisə predmeti olan zəlilər dövlətin olub. Azad Abdullayev dövlətin sərvəti olan zəliləri qaçaqmalçılıq yolu ilə başqa ölkəyə keçirmək istəyərkən gəbs olunub və məhkum edilib.

Ancaq Azad Abdullayev başqa söz deyir:

“Qeyd etdiyim kimi, Kərimov adına Balıqartırma Zavodu zərəri ödədi, ancaq digər zavodun direktoru Dadaş Abbasov məhkəməyə zəlilərin ölməsiylə bağlı saxta sənəd düzəldib təqdim etdi. Hakim sənədin saxta olduğunu bildi və zavodun direktoruna “bilirsən də buna görə səni nə gözləyə bilər”, – dedi. 1 il 6 ay çəkən məhkəmə zavoda qarşı 112 min manat maddi zərərin ödənilməsi iddiamın təmin olunmasıyla başa çatdı. Qarşı tərəf apelyasiya şikayəti verdi, 1 il 4 ay da o məhkəmə davam etdi, məhkəmə mənim iddiamı təmin edən Qətnaməni qüvvədə saxladı”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Foto: Meydan TV

Azad Abdullayevin sözlərinə görə, kassasiya şikayəti müddəti ötsə də, qarşı tərəf Ali Məhkəməyə kassasiya şikayəti vermir, ona dəymiş zərəri ödəyəcəyini vəd edir:

“Zavodun direktoru Dadaş Abbasov Lənkəran rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra icra məmuruna dedi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hüquqşünaslarıyla məsləhətləşib, qərara gəliblər ki, dəymiş zərər ödənilsin. İcra məmurunun yanında izahat yazdı ki, 2022-ci il fevralında nazirlik tərəfindən dəymiş zərər ödəniləcək. Fevral ayı oldu, ödəniş edilmədi. İcra məmuru nazirliyin hüquq şöbəsi ilə əlaqə saxladı, yenə nəticəsi olmadı. Zavodun əmlaklarına həbs qoyuldu. Qarşı tərəf məhkəməyə verib, əmlakları həbsdən çıxartdı, əvəzinə, zavodun həyətindəki torpaq təpəciklərə həbs qoyuldu. Yəni bildiniz də, təpəciklər deyəndə söhbət nədən gedir. Gölü qazıb, torpağı kənara tökürlər, torpaq təpəciklər yaranır, öz aralarında buna “damba” deyirlər, bax, həmin “damba”lara… Mən etiraz etdim, dedim, torpaq yığınından əmələ gələn təpəcik nə vaxtdan əmlak sayılır? Zavodda işlək vəziyyətlə olan 42 min manatlıq kürüyetişdirmə sexləri var, həbs onların üzərinə qoyulsun. Zavodun direktoru Dadaş Abbasov dedi, o təpəciklərin 290 min manat dəyəri var. Hakim də bu sözün əsasında təpəciklərə həbs qoydu”.

Azad Abdullayev bu ilin mayında Fuad Ələsgərovun, iyununda baş prokuror Kamran Əliyevin qəbulunda olub. Kamran Əliyev məsələni şəxsi nəzarətinə götürəcəyini deyib. Bir neçə gün sonra icra məmuruna Baş prokurorun işi şəxsi nəzarətinə götürməsi barədə iki cümləlik məktub daxil olub, vəssalam.

Azad Abdullayev Bakıya – ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin qəbuluna gəlib. Ona nazirin növbəti gün Qazaxda qəbul keçirəcəyini bildirərək ora getməsini tövsiyə ediblər. O da Qazax rayonuna gedib, ancaq nazirin qəbulunda eşitdiyi söz onu məyus edib:

“Dedi, mənim bu işdən heç xəbərim yoxdur ki… Dedim, necə yəni xəbəriniz yoxdur, zəliləri satıb, pulunu yemisiz, 4 ildir məhkəmələr gedir, naziri olduğunuz quruma qarşı iddia qaldırılıb və təmin olunub, bu boyda həngamədən necə xəbərsiz qala bilərsiz? Mənə son sözü bu oldu ki, dövlət vətəndaşa pul ödəmir”.

Nazirin qəbulundan 20 gün sonra Azad Abdullayev yenə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hüquq şöbəsiylə əlaqə saxlayıb. Ona “məsələ araşdırılır” deyilib:

“Dedim, bu işi məhkəmə araşdırıb, hüquqi qiymətini də verib, siz kimsiniz ki, araşdırma aparasınız? Sizin işiniz odur ki, məhkəmənin kəsdiyi pulu vətəndaşa ödəyəsiz”.

Ana səhifəBölgəMəhkəmə vətəndaşın xeyrinə qərar çıxarıb, nazirlik zərəri ödəmir