Məhkəmə Tofiq Yaqublunun həbs müddətini daha 2 ay uzatdı

T.Yaqublu kimsəyə xəsarət yetirmədiyini, əksinə özünün hücuma, təhqirə məruz qaldığını bildirib.

Source: Meydan Tv


Hakim prokurorun təqdimatını təmin edib

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu barəsində istintaq dövrü üçün həbs-qətimkan tədbirinin müddəti daha iki ay – avqustun 22-nə qədər artırılıb. İyunun 19-da Nizami Rayon Məhkəməsində hakim Rauf Əhmədov Nizami rayonunun prokuroru Pərviz İbayevin bu barədə təqdimatını təmin edib.

Təqdimata baxılarkən T.Yaqublu da iştirak edib. T.Yaqublu özünü təqsirli bilmədiyini vurğulayıb. Bildirib ki, onun maşınında görüntüləri qeydə alan videokamera vardı. Əgər istintaq obyektiv aparılsaydı, həmin kameranın yaddaşındakı görüntülər ortaya qoyular, iddia olunan avtmobil qəzasının baş verib-vermədiyi, kimin kimə xəsarət yetirdiyi sübuta yetirilərdi. T.Yaqublu kimsəyə xəsarət yetirmədiyini, əksinə özünün hücuma, təhqirə məruz qaldığını bildirib.

T.Yaqublunun vəkilləri Elçin Sadıqov və Aqil Layıc Meydan TV-yə bildirib ki, həbs müddətinin uzadılması barədə qərar qanunsuz və əsassızdır. Vəkillər qərardan apelyasiya şikayəti verəcək.

A.Layıc deyir ki, T.Yaqublu haqqında belə bir qərarın verilməsi üçün nə prosessual, nə də maddi əsas var.

T.Yaqublunun qızı N.Həzi də atasının siyasi fəaliyyətinə və tənqidi fikirlərinə görə sifarişlə həbs olunduğunu vurğulayaraq, bu səbəbdən məhkəmədən ədalətli qərar gözləmədiklərini bildirib. O, T.Yaqublunun astma xəstəliyindən əziyyət çəkdiyini qeyd edərək, koronavirusun kəskin yayıldığı bir vaxtda onun həyatına təhlükə yarandığını deyib.

Şüvəlandakı 3 saylı istintaq təcridxanasında saxlanılan T.Yaqublu martın 22-dən həbsdədir.

Ona qarşı CM-in 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, T.Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib.

T.Yaqublu ittihamın saxta olduğunu bəyan edib. O, həbsindən əvvəl “Facebook” hesabında yazmışdı: “Dostlar, ciddi təxribatla üzləşmişəm. “8-ci kilometr bazarı”nda park halında olan maşınımı qəsdən, nümayişkəranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır…”

T.Yaqublu bundan öncə də 2014-cü ildə İsmayıllı hadisələrinə görə həbs olunmuş, 2016-cı ilin martında azadlığa çıxmışdı. O, Milli Şuranın ötən il oktyabrın 19-da keçirdiyi mitinqdə də 30 günlük inzibati həbs cəzası almışdı. Sonuncu həbs zamanı T.Yaqublu ağır işgəncələrə məruz qaldığını bildirmişdi.

Ailə üzvlərinin sözlərinə görə, həmin işgəncələr nəticəsində T.Yaqublunun səhhətində fəsadlar yaranıb.

Ana səhifəSiyasətMəhkəmə Tofiq Yaqublunun həbs müddətini daha 2 ay uzatdı