Məhkəmə siyəzənli məhbusları azadlığa buraxmayıb

Apelyasiya Məhkəməsi qərarını elan edib

Source:


Apelyasiya Məhkəməsi qərarını elan edib

Sumqayıt Apelyasiya Məhkəməsində dekabrın 27-də hakim Nazim Mövsümovun sədrliyi ilə Siyəzən hadisələrinə görə tutulan şəxslərə hökm oxunub.

Məhkəmə Müslüm Əzimova, Elçin Əliyevə, Kamran Abdullayevə, Nizami Qəniyevə verilən cəzadan 1 il, Çoşqun Bəğişova, Fariz Kərimova, Namiq Məstanova və Abasət Süleymanova verilən cəzadan 6 ay çıxıb. Zaur Şəkərova verilən cəzadan isə 2 il çıxılıb. Aydın Səfərli ilə Talıb Ağamalıyevə verilən cəza dəyişdirilməyib.

2016-cı il yanvarın 12-13-də Siyəzəndə unun və digər məhsulların qiymətlərinin artırılmasına etiraz olaraq bir qrup sakin Siyəzən Rayon İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirib.

İcra hakimiyyətinin başçısı etirazçılara tələblərinin yerinə yetiriləcəyi ilə bağlı söz verdikdən sonra sakinlər dağılışıb. Bundan sonra gecə saatlarında bir çox etirazçı saxlanıb.

Bir neçə nəfərin barəsində inzibati cəza çıxarılıb. 11 nəfər – Fariz Kərimov, Abasət Süleymanov, Namiq Məstanov, Coşqun Bəgişov, Talib Ağamalıyev, Elçin Əliyev, Kamran Abdullayev, Nizami Qəniyev, Müslüm Əzimov, Zaur Şəkərov, Aydın Səfərli cinayət məsuliyyətinə cəlb edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221- ci (xuliqanlıq), 228-ci (qanunsuz olaraq odlu silah daşıma və gəzdirmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittihamlar irəli sürülüb.

Quba Rayon Məhkəməsinin (hakim Elman Əhmədov) 28 mart 2017-ci il tarixli hökmü ilə Müslüm Əzimov 6 il, Zaur Şəkərov 6 il, Elçin Əliyev 5 il, Talıb

Ağamalıyev 5 il, Kamran Abdullayev 5 il, Nizami Qəniyev 5 il, Çoşqun Bəğişov 4 il, Fariz Kərimov 4 il, Namiq Məstanov 4 il, Abasət Süleymanov 4 il və Aydın Səfərli 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər.

Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrup adları çəkilən məhbusları siyasi məhbus kimi tanıyıb.

Ana səhifəXəbərlərMəhkəmə siyəzənli məhbusları azadlığa buraxmayıb