Həmməruzəçilər insan haqları ilə bağlı bəyanat yaydı
“İslahatlar prosesinə təkan vermək və məhkəmə sistemi, azad KİV, insan hüquqları, QHT haqqında qanunvericilik sahələrində hakimiyyətlə dialoqu davam etdirmək çox vacibdir”.
“Turan”-ın məlumatına görə, AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Predonun bəyanatında belə deyilir. Yanvarın 12-14-də Bakıda səfərdə olan həmməruzəçilər bəyanatla çıxış ediblər.
Bəyanatda bildirilir ki, onlar Azərbaycanda insan hüquqlarına əməl edilməsinin vəziyyəti, “Amnesty Innternational”-ın tərtib etdiyi vicdan məhbusları siyahısına əsaslanaraq siyasi məhbusların vəziyyətini müzakirə ediblər.
Həmməruzəçilər Azərbaycan prezidenti, QHT və müxalifət nümayəndələri ilə görüşüblər. Onlar həbsdə olan müxalifətçi İlqar Məmmədova, gənc fəal İlkin Rüstəmzadə, jurnalist Seymur Həzi və Səid Dadaşbəyliyə baş çəkiblər.
2016-cı ildə bəzi siyasi məhbusların, hüquq müdafiəçilərinin və jurnalistlərin azad edilməsinə əsaslanaraq, bu prosesin 2017-ci ildə də davam edəcəyinə ümidvar olduqlarını bildiriblər:
“Biz həbsdə qalanların konkret işlərini nəzərdən keçirdik. Bundan əlavə, bizim müzakirələrdə əsas diqqət ümumilikdə məhkəmə sistemində islahatlara yönəldildi. Bu problemin köklü səbəblərini aradan qaldırmaq və məhkəmə sisteminin müstəqilliyini, ona olan inamı artırmaq lazımdır”.
Həmməruzəçilər Azərbaycan hakimiyyətinin məhkəmə sistemində islahatlar məsələsilə bağlı Avropa Şurası ilə sıx əməkdaşlığa hazır olmasını alqışlayıblar.
Hakimiyyət Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının tam yerinə yetirilməsinin vacibliyini təsdiqləyib.
Həmməruzəçilər həmçinin hakimiyyətin QHT haqqında qanunvericiliyə dəyişiklik etməyə və onu Avropa standartlarına uyğun reallaşdırmağa hazır olmasını alqışlayıblar.
“Hakimiyyət QHT haqqında qanunvericilikdə islahatlar aparmaq üçün Venesiya komissiyasının təcrübəsindən istifadə etməlidir”, – onlar yazıblar.
Müzakirələr İnternet və sosial şəbəkələrin inkişafına, fikrin ifadə olunması və KİV azadlığına yönəlib. Həmməruzəçilər gənc bloqqerlərin son həbsləri ilə bağlı faktlardan narahatlıqlarını ifadə ediblər.
Onlar bloqqer Mehman Hüseynovla rəftardan narahat olduqlarını bildiriblər və şəffaf araşdırma aparılmasına çağırıblar.