Məhkəmə Qiyas İbrahimovun vəsatətlərini təmin etmədi

Gənc fəalın anası ilə görüşməsinə icazə verilməyib

Source:


Gənc fəalın anası ilə görüşməsinə icazə verilməyib

Dekabrın 26-da Bakı Apellyasiya Məhkəməsində Heydər Əliyevin postamentinə şüar yazıldıqdan sonra narkotik ittihamı ilə həbs edilən Qiyas İbrahimovun apellyasiya şikayəti üzrə məhkəməsi keçirilib.

Meydan TV-nin məlumatına görə, iclasda Q. İbrahimovun vəkili Elçin Sadıqov vəsatətlər verib.

O, Q.İbrahimovun vəkilin yanında əyləşməsini istəyib. Vəkil bildirib ki, Q. İbrahimovun təqsirsizlik prezumpsiyası pozulub:

“Daxili İşlər Nazirliyi yaydığı məlumatda Qiyas İbrahimovun evindən narkotik vasitə götürülməsini ehtimal yox, fakt kimi yayıb. Bununla da təqsirizlik prezumpsiyası pozulub”.

Vəkil həmin bəyanatı yayan şəxsin barəsində tədbir görülməsi və təqsirsizlik hüququnun pozulmasının tanınmasını istəyib. Daha sonra vəkil barmaq izləri ilə bağll ekspertizanın keçirilməsini istəyib. E. Sadıqov hal şahidlərinin çağrılıb dindirilməsi barədə də vəsatət verib. Məhkəmə vəsatətlərin heç birini təmin etməyib. Hakim bildirib ki, proses məhkəmə istintaqı olmadan keçiriləcək. Vəkil Elçin Sadıqov isə ilkin baxış iclasının qərarından kassasiya şikayəti verəcəklərini deyib. Məhkəmənin baxış iclası dekabrın 29-na təyin edilib.

İclasdan sonra Q. İbrahimovun anası onunla görüşmək istəyib. Lakin hakim və konvoylar buna imkan verməyiblər.

Q.İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. O, narkotik vasitə saxlamaqda ittiham edilir. Lakin Q. İbrahimov ittihamı qəbul etmir. O, şərlənərək həbs edildiyini, istintaqda təzyiqə məruz qaldığını deyir. Q. İbrahimov mayın 10-da keçmiş prezident Heydər Əliyevin postamentinə “Qul bayramınız mübarək” yazdıqdan sonra həbs edilib. Beynəlxalq təşkilatar onu vicdan məhbusu kimi tanıyıb.

Ana səhifəXəbərlərMəhkəmə Qiyas İbrahimovun vəsatətlərini təmin etmədi