Məhkəmə qərarından tez yetişən söküntü

Azadlıq prospekti 80 ünvanında yaşayış binalarının sökülməsi davam edir. Söküntünü həyata keçirən “Fədək” MMC şirkəti ilə razılığa gələ bilməyən vətəndaşlar məhkəmələrə üz tutur. Elə İsgəndərovların işinə də Nəsimi Rayon Məhkəməsində baxılıb və evin sökülməsinə dair qərar çıxarılıb. Lakin ailənin evinə məhkəmə qərarından əvvəl söküntü işçiləri gəlib.

“Məhkəmə qərarı hələ bizə təqdim olunmayıb. Qərar bizə təqdim olunandan sonra, apelyasiya şikayəti vermək üçün bir ay vaxtımız var. Nəsimi Rayon Məhkəməsi Nəsimi Rayon İcra Hamimiyyətinin təsiri altında qərar çıxarıb. Mən o qərarla razı deyiləm, apelyasiya şikayəti verib qərarı yenidən məhkəmədə araşdıracağıq. Necə olur qərar icraata alınmamış, mənim qapıma “laqonda” ilə gəlirlər?” – bina sakini Famil İsgəndərov deyir.

Sakinlər deyir ki, şirkət məhkəməni udsa da, qərarı icra etməyə məhkəmə icraçısı gəlməlidir. Ərazidə isə yalnız Nəsimi Rayon İcra Hakimiyyəti nümayəndələri və polis əməkdaşları olub.

Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Bəylər Novruzov isə şirkətin Nazirlər Kabinetinin qərarını icra etdiyini deyib:

“Mübahisəli məsələyə məhkəmədə baxılıb. Məhkəmə qətnamə çıxarıb ki, onlar evdən çıxarılsın. O şərtlə ki, sakinlər yaşayış yeri ilə təmin edilsin və gələcəkdə evlərindən 20 faiz artığı ilə yeni mənzillə təmin olunsunlar. Bunlar isə 6 aydır bu məsələni süründürürlər, nəticə etibarilə məhkəmə qətnaməsi icra olunur”.

Digər sakin Emma Sultanova bildirib:

“Gəlib qonşunun işığını kəsirlər, nə ixtiyarları var? Bilərəkdən həftə sonu gəlirlər ki, heç kim köməyinə çatmasın. Apelyasiya şikayəti verəcək, hüququ var. Nə ixtiarları belə davranmağa? Bəlkə, o, Ali Məhkəməyə də verəcək?”

Bina sakinlərindən söküntü şirkəti ilə razılaşan vətəndaşlar da var.

“Düzü, çox narahatıq. Hər gün gəlib gedirəm, evlərdən çıxan yoxdur. Razılaşıb çıxsınlar də. Hamı necə, onlar da elə. Çıxmayanlar, yubadırlar tikintini. 6 aydır kirayədə qalmışıq ”, – deyə Minurə Sadıqova söyləyir.

Şikayətçi Nərgiz Hüseynova isə deyir ki, o da hamı kimi əşyalarını yığıb köçməyə hazırlaşırdı. Lakin daha sonra bu qərarından daşınıb:

“Fədək” MMC tikinti şirkəti hər dəfə mənə başqa müqavilələr göstərir, üst-üstə düşməyən sözlər deyir. Yalan danışdıqlarına görə onlara olan inamımı itirmişəm. 16 kvadrat metrlik qarajın problemini həll edə bilmirlər, mən onlara necə 106 kvadratmetrlik mənzilimlə bağlı inana bilərəm? Ona görə də, istəyirəm mənim kompensasiyamı versinlər, özümə ev alım”.

Şirkətin direktoru Qəşəm Hüseynov Meydan TV-nin öncəki reportajında bildirmişdi ki, o, narazı sakinlərin istəklərini yerinə yetirə bilmir. Lakin onların evlə təmin olunacağını deyir.

Sakinlər əraziyə 102 xidmətini çağırıb şikayət ediblər. Daha sonra “Fədək” MMC şirkətinin adından onlara bildiriş gəlib ki, 15 yanvar 11:00 tarixinədək evdən çıxmalıdırlar. Sakinlər verilən bu vaxtı Daxili İşlər, Fövqəladə Hallar Nazirliyinə, Birinci vitse-prezident Mehriban Əliyevaya və digər dövlət qurumlarına müraciət edərək keçirirlər.

Ana səhifəVideoMəhkəmə qərarından tez yetişən söküntü