MSK katibi deyir ki, iclasın qərarı ləğv edilməlidir
“Məhkəmə qərarı olmadan bələdiyyə üzvünün səlahiyyətlərinə xitam verilə bilməz”.
Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov ictimai fəal Vəfa Nağının Neftçala rayon Xolqaraqaşlı bələdiyyə üzvlüyündən kənarlaşdırılması ilə bağlı sualı şərh edərkən “Turan”a belə deyib.
“Əhalinin səsverməsi ilə seçilmiş seçkili orqanın üzvü məhkəmə qərarı olmadan hər hansı iclasın qərarı ilə uzaqlaşdırıla bilməz. Vəfa xanım məhkəməyə müraciət etsin. Bələdiyyə üzvlərinin iclasının qərarı ləğv edilməlidir”, -Mikayıl Rəhimov əlavə edib.
Kənd bələdiyyəsinin sədri Əlibala Səlimov avqustun 20-də bununla bağlı qərar verib. Buna səbəb kimi Vəfa Nağının 4 dəfə bələdiyyə iclaslarında iştirak etmədiyi göstərilib. Vəfa Nağı isə
Meydan TV
-yə deyib ki, İstanbulda olduğundan iclaslara qatıla bilməyib və bu haqda poçt vasitəsilə bələdiyyəyə məktub göndərib. O, məktubun qəbzinin surətini də Meydan TV-yə təqdim edib:
“İstanbuldan, Kadıköy poçtundan məktub göndərmişəm. İclasa çağırış gələndə valideynlərim zəng vurub xəbər verib və mən məktub göndərmişəm. Əlimdə faktım var və artıq məktub çatmışdı. Bunu bilmək istəyirdilərsə, niyə məni kənarlaşdırırdılar? Mən iclaslara gedəndə heç vaxt bələdiyyə üzvlərinin hamısını bir yerdə görmürəm. Bəzən 5, bəzən 7 nəfər gəlirdi. Demək ki, bu, planlaşdırılmış bir işdir və istəyiblər ki, məni uzaqlaşdırsınlar. Ancaq bu planlarını həyata keçirməyə çox tələsiblər”.
Bələdiyyə sədri həmçinin Vəfa Nağının Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edir. O, iddia ərizəsində yazıb ki, Vəfa Nağı mediaya müsahibələrində, sosial şəbəkə hesablarından paylaşdığı yazılarında onu təhqir edib, böhtan atıb. Vəfa Nağı isə heç kimi təhqir etmədiyini deyir.
“Mənim korrupsiya haqda dediklərim, yazdıqlarım isə əsassız deyil. Kənd sakinlərinin şikayətləri var. Bu barədə hüquq-mühafizə orqanlarına da şikayətlər göndərilib. Təəssüf ki, onlar araşdırılmayıb, nəticəsiz qalıb”, – deyə Vəfa Nağı bildirib.
Bələdiyyə üzvü hesab edir ki, məqsəd bu yolla onu susdurmaqdır: “Gördülər ki, digər təzyiq formaları – şəkillərimi yaymaqla biabır eləyib kənddən çıxarmaq cəhdi nəticə vermədi, indi bu üsula əl atıblar. İstəyirlər ki, məni susdursunlar, yol verdikləri qanunsuzluqlar, korrupsiya əməlləri haqda danışmayım. Amma alınmayacaq”.