Məhkəmə Orxan Baxışlının cəza müddətini azaltdı

AXCP üzvünün kassasiya şikayətinə baxılıb

Source: Meydan.TV


AXCP üzvünün kassasiya şikayətinə baxılıb

İyunun 4-də Ali Məhkəmədə AXCP Gənclər Komitəsinin həbsdə olan üzvü Orxan Baxışlının kassasiya şikayətinə baxılıb. Ali Məhkəmənin qərarıyla onun 6 illik həbsə məhkum edilməsi haqda hökm dəyişdirilib.

Məhkəmədə cəbhəçi gəncin özü də iştirak edib. Çıxışında bildirib ki, müstəqil, firavan cəmiyyət uğrunda mübarizəyə başlayanda bu yoldakı çətinlikləri, o cümlədən həbsi gözə almışdı: "Mən də, silahdaşlarım da bilirdik ki, bu yol uzun və məşəqqətlidir, qurban tələb edir. Qoy biz bu əziyyətləri çəkək, təki sonda xalqımız öz haqqına sahib çıxsın".

O.Baxışlı günahsız olduğunu, amma məhkəmədən ədalətli qərar gözləmədiyini deyib: "Bizim cinayətimiz vətənimizi təmənnasız sevməyimizdir".

Vəkil Elçin Sadıqov da O.Baxışlıya qarşı narkotik ittihamının əsassız olduğunu, heç bir mötəbər sübut ortaya qoyulmadığını bildirib. Vəkil çıxışının sonunda məhkəmədən bəraətverici əsaslarla O.Baxışlı haqqında cinayət işinə xitam verilməsini xahiş edib.

Hakimlər O.Baxışlı haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü ləğv ediblər. İttiham maddəsi də dəyişdirilib – Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsindən 234.1 (satış məqsədi olmadan narkotik əldə etmə, daşıma, saxlama) maddəsinə tövsif olunub. Cəza müddəti də 6 ildən 3 ilə endirilib.

O.Baxışlı 2018-ci ilin mayından həbsdədir. İttihama əsasən, onun üzərindən təxmin 6 qram heroin tapılıb.

AXCP sədri Əli Kərimli məhkəmədən sonra jurnalistlərə açıqlamasında bildirib ki, bu qərar da onları qane etmir: "Çünki Orxan Baxışlı tam günahsızdır və ona bəraət verilməli idi. O, heç bir cinayət törətməyib. Sadəcə, Elmar Hüseynovun məzarı önündəki çıxışına görə şərlənərək həbs olunub. Onun nəinki üç il, hətta üç gün də həbsdə qalması qanunsuzdur".

O. baxışlı ittihamı rədd edir, həbsindən üç gün öncə mərhum jurnalist Elmar Hüseynovun məzarı başındakı anım mərasimində çıxışına görə cəzalandırıldığını bildirir. O.Baxışlı çıxışında E.Hüseynovun qətlinin sifarişinin hakimiyyətdən gəldiyini, bu üzdən cinayətin üstünün bu günə qədər açılmadığını bildirmişdi.

Ana səhifəXəbərlərMəhkəmə Orxan Baxışlının cəza müddətini azaltdı