Məhkəmə önündə saxlanılan iki inanclıdan xəbər yoxdur

Foto: Meydan TV

Bir nəfərə həbs cəzası verilib

Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında saxlanılan Müsəlman Birliyi Hərəkatının üzvlərindən ikisi buraxılıb, birinə həbs cəzası verilib, daha ikisindən isə xəbər yoxdur.

Saxlanılan 5 nəfər inanclı fəal – Ağəli Yəhyayev, Mail Kərimov, Süleyman Ələkbərov, İmran Məmmədli və Elgiz Məmmədov öncə Nəsimi rayonu, 22-ci polis bölməsinə aparılıb. Axşam saat 18 radələrində Ağəli Yəhyayev Nəsimi Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. Bölmədə onun haqqında İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə prokokol tərtib edilib. Hakim də bunun əsasında Ağəli Yəhyayevin 30 gün inzibati həbsi haqda qərar çıxarıb.

Saxlanılanlardan Süleyman Ələkbərov və Mail Kərimli mayın 20-də axşam saat 22 radələrində buraxılıb. Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, onların hər ikisini 22-ci polis bölməsindən çıxarıb, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar:

“Həm yolda aparılanda, həm də idarədə işgəncələrə məruz qalıblar. O qədər döyüblər ki, işgəncə izləri açıq-aşkar görünür. Xəbərdarlıq ediblər ki, bir daha heç kimin məhkəməsinə getməsinlər. Yoxsa daha pis olacağıyla hədələyiblər”.

Yaxınlarının sözlərinə görə, Mail Kərimlini Bakıətrafı əraziyə aparıb, orada buraxıblar.

Adları çəkilən beş nəfər mayın 20-də Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətovun məhkəməsində iştirak etmək üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə gəlib. Lakin məhkəmə prosesi başlamamışdan öncə əraziyə cəlb olunmuş polislər tərəfindən saxlanılıblar.

Məhkəmədə Razi Hümbətova hökm oxunub. Hökmə əsasən, Razi Hümbətov Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsilə təqsirli bilinib və 6 il azadlıqdan məhrum edilib.

Lakin o, özünü təqsirli bilmir və narkotik ittihamının saxta olduğunu deyir.

Razi Hümbətov məhkəmədə bildirib ki, 2021-ci il iyulun 7-də yaşadığı Ceyranbatan qəsəbəsində 5-6 mülki geyimli şəxs tərəfindən saxlanılıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını və orada təzyiqlərə məruz qaldığını deyən inanclı fəal bildirib ki, narkotik maddəni üzərinə polislər qoyub. O da təzyiq altında etiraf ifadəsinə imza atıb.
Müsəlman Birliyi Hərəkatı da Razi Hümbətovun narkotikdən uzaq biri olduğunu, əksinə, bu problemə qarşı aktiv mübarizə apardığını bəyan edib. Hərəkat üzvünün həbsini onun sosial şəbəkələrdəki paylaşımları ilə əlaqələndirir.

“Hərəkat birmənalı olaraq ölkədə hər növ hüquq və azadlıqlara yönələn reperesiya addımlarının arxasında dayanan İlham Əliyevin diktə etdiyi siyasəti qınayır. Bir daha Azərbaycan cəmiyyətini qorxu və əsarət altında saxlayan rejimin yarıtmaz davranışından doğan haqsız həbslərin dayandırmasını ondan tələb edirik”, – təşkilatın yaydığı bəyanatda bildirilir.

Razi Hümbətov həbsindən bir neçə gün əvvəlki paylaşımında “İlham Əliyev, xalq səni sevmir” yazmışdı.

Ana səhifəSiyasətMəhkəmə önündə saxlanılan iki inanclıdan xəbər yoxdur