Məhkəmə ”OMON”-çuların şikayətini təmin etməyib

Qaradağ rayon Məhkəməsi Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov haqqında ömürlük həbs cəzasının dəyişdirilməsinə dair şikayəti icraata götürməkdən imtina edib

Source:
Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov
Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov


Qaradağ rayon Məhkəməsi Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov haqqında ömürlük həbs cəzasının dəyişdirilməsinə dair şikayəti icraata götürməkdən imtina edib

Sentyabrın 8-də Qaradağ rayon Məhkəməsində hakim Rəşad Məmmədovun sədrliyi ilə ömürlük məhbuslar Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov barəsində ömürlük həbs qərarının dəyişdirilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Hakim R.Məmmədov şikayəti icraata götürməkdən imtina edib.

Bu haqda “facebook” səhifəsində hüquq müdafiəçisi Rəsul Cəfərov məlumat yayıb. O, bildirib ki, vəkil qərardan apellyasiya şikayəti verəcək.

Vəkil Elçin Sadıqov məhkəmədən öncə bildirib ki, hər üç ömürlük məhkum barəsində çıxarılmış ölüm cəzası qanunsuz olaraq ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənib.

O, ölüm hökmünün 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin (CM) 23-cü maddəsinə əsasən bağışlanma ilə 20 ilədək azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsini istəyib.

E.Əmiraslanov, A.Kazımov və S.Poladov keçmiş “OMON”un – Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) üzvləri olublar.

Onlar 1997-ci il noyabrın 28-də Ali Məhkəmənin qərarı ilə ölüm cəzasına məhkum olunublar. Hər üç məhkum vətənə xəyanət maddəsi ilə ittiham olunub. Onların üzərinə qoyulan ittihamda qeyd olunur ki, S.Poladov və A.Kazımov E.Əmiraslanovun tapşırığı ilə Qazax Rayon Polis şöbəsinin və MTN-nin yerli şöbəsinin rəisini öldürüblər.

E. Əmiraslanov Xüsusi İdarənin rəisi Şəmsi Rəhimovun və Milli Məclisin sədr müavini Afiyəddin Cəlilovun qətlində iştirakda ittiham olunub.

Fransada yaşayan və sığınacaq alan MTN-in keçmiş əməkdaşı Ramin Nağıyev 2010-2011-ci ildə mətbuata verdiyi açıqlamalarında bildirib ki, “OMON”-çuların ittham edildiyi qətllər onlar tərəfindən deyil, 2005-ci ildə həbs edilmiş DİN-in Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun dəstəsi tərəfindən törədilib.

Nağıyev Şəmsi Rəhimov və Afiyəddin Cəlilovun qətli ilə bağlı yaradılan istintaq qrupunun üzvü olub. O, 1995-ci ildə səbəb göstərilmədən işin istintaqından uzaqlaşdırılıb.

Nağıyevin bəyanatları rəsmi şəkildə təkzib olunmayıb.

Avropa Şurası E.Əmiraslanovu, S.Poladovu A.Kazımovu siyasi məhbus elan edib.

Azərbaycanda ölüm hökmü 1998-ci il fevralın 10-da ləğv olunub.

Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) 1990-cı illərin əvvəlində Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı yaradılmışdı. Ancaq 1994-cü ildən Azərbaycan hökuməti ilə XTPD arasında münasibətlər kəskinləşib. 1995-ci il martın 17-də hökumət XTPD-nin Bakının 8-ci kilometr qəsəbəsindəki qərargahını ələ keçirib. Rəsmilər dəstənin qiyam qaldırdığını bildirirlər. Atışmada rəsmi statistikaya görə 22 hərbçi, 7 mülki şəxs, 1 polis əməkdaşı həlak olub, 8 XTPD əməkdaşı öldürülüb. Hadisə nəticəsində 105 nəfərin yaralandığı bildirilir. XTPD rəhbəri Rövşən Cavadov aldığı güllə yarasından DİN-in hospitalında vəfat edib. Dəstənin qalan üzviləri isə həbs ediliblər. Sonradan şahidlər bildirdi ki, dəstənin qərargahından ağ bayraq qaldırılıb, ancaq hökumət qoşunları atışmanı dayandırmayıblar.

Ana səhifəXəbərlərMəhkəmə ”OMON”-çuların şikayətini təmin etməyib