''Məhkəmə müstəqil deyilsə, təlimlərin əks-effekti ortalığa çıxır''

Xalid Ağaliyev: ''Bu layihələr Azərbaycandakı gerçək vətəndaş cəmiyyətinin, medianın sıradan çıxarılması ilə əlamətdar olub''

Avropa Şurası və Avropa İttifaqı Şərq Tərəfdaşlığı çərçivəsində oktyabrın 25-də Azərbaycanda həyata keçirilmiş layihələrin nəticələrini təqdim edib.

Bu layihələr bir sıra sualları gündəmə gətirib.

Konkret olaraq, “Avropa Şurasının Azərbaycan üçün Fəaliyyət Planı 2014-2017” adlı hesabatında qeyd edilib ki, 260 hakimə Avropa Konvensiyasının düzgün tətbiqi ilə bağlı təlim keçirilib.

Sənəddə 250 jurnalist üçün 4 dərsliyin hazırlandığı, onun da 150 nəfərinin regionlarda olduğu bildirilib. Həmin 150 jurnalistə təlim keçdiyi də qeyd olunub.

Azərbaycanda Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüquqununun tətbiq edilməsi layihəsi 1 yanvar 2015-ci il - 31 dekabr 2017-ci il tarixlərini əhatə edir. Büdcəsi 1.4 milyon avro olan layihə çərçivəsində müxtəlif məhkəmələri təmsil edən 108 hakim və 385 vəkil üçün ikigünlük təlim keçirilib.

Eyni zamanda, 2015-ci il - dekabr 2017-ci il tarixlərini əhatə edən Azərbaycanın hakim dairələrində korrupsiya ilə mübarizə və onun qarşısınının alınması istiqamətində imkanların gücləndirilməsi layihəsinə 1 milyon avro ayrılıb. Sənədə görə ixtisaslaşdırılmış prokurorluq və istintaq orqanları, hakimlər, maliyyə analitikləri və auditorların korporativ korrupsiya halları, mənimsənilmiş əmlakın bərpası, çirkli pulların yuyulması və təqsirin etirafı əqdi məsələlərini həll etmə potensialı artırılıb.

Büdcəsi 800 min avro təşkil edən İfadə azadlığı və KİV azadlığınə əhatə edən layihə (1 yanvar 2015-ci il - 31 dekabr 2017-ci il tarixlərdə) əsasında təxminən 150 jurnalist və media mütəxəssisi seçkilərin mediada işıqlandırılması, jurnalistlərin təhlükəsizliyi, informasiyaya çıxış, gender bərabərliyi və media, ifadə azadlığı və məxfiliyə dair müvafiq daxili qanunvericilik müddəaları və Avropa Şurasının standartları üzrə təlim keçib.

Bildirilib ki, 1 mart 2016-cı il tarixində Bakıda İnternet və İnsan Hüquqları mövzusunda keçirilən konfransda milli hakimiyyət orqanları, media, akademiya və vətəndaş cəmiyyətinin 70 nümayəndəsi İnternet, İnternet infrastrukturu və onlayn mediada insan hüquqlarının müdafiəsinə dair Avropa Şurasının standartları barədə maarifləndirilib. 31 may 2016-cı il tarixində Bakıda Diffamasiya mövzusunda keçirilən dəyirmi masada milli hakimiyyət orqanları, media, akademiya və vətəndaş cəmiyyətinin 60 nümayəndəsi diffamasiya məsələləri və ifadə azadlığına dair Avropa Şurasının standartları və ən yaxşı Avropa təcrübələri barədə maarifləndirilib. Bundan əlavə 15 azərbaycanlı jurnalist 11-12 may 2016-cı il tarixlərində Strasburqda təhsil səfərində iştirak etmiş və ifadə azadlığı və media azadlığı sahəsində Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsinin işi ilə tanış olub.

Hakim və vəkillər üçün keçirilən layihələrin təsirləri, məhkəmə sistemində hansı dəyişiklikləri gətirməsi haqda sualı hüquqşünas Ənnağı Hacıbəyliyə ünvanladıq.

Ənnağı Hacıbəyli bildirdi ki, Avropa Şurası da daxil başqa beynəlxalq təşkilatlarının Azərbaycan hakimləri üçün təlimləri lazımdır.

“Çünki hər bir halda hakimlərin savadının və məlumatlılığının artırılması normalda ədalət mühakiməsinin inkişafına kömək edir. Ancaq Azərbaycanda məhkəmə hakimiyyəti müstəqil olmadığına görə hakimləri nə qədər savadlandırmağından asılı olmayaraq əks effekt doğuracaq”.

Avropa Şurasının hakimlərə keçirdiyi təlimlərin nəticəsinə gəlincə, hüquqşünas deyib ki, kosmetik dəyişikliklər göz önündədir.

“Bu, ondan ibarətdir ki, hakimlər əvvəlki illərdən fərqli olaraq qərarlarını əsaslandıranda həm də Avropa Məhkəməsinin president hüququna ayrı-ayrı işlərdə istinad edirlər. Çalışırlar ki, qərarlarını daxili qanunvericilik, məhkəmə təcrübəsi və beynəlxaq normalar vasitəsilə əsaslandırsınlar. Amma problem ondadır ki, məhkəmələr müstəqil olmadığından və hakimlər işə qanun əsasında baxmadıqlarına görə bu əsaslanmalar həmişə vətəndaşın ziyanına istifadə olunur”.

Ənnağı Hacıbəyli

Ənnağı Hacıbəyli

Hüquqşünas bu baxımdan xüsusilə inzibati və ümumi yuridiksiyalı məhkəmələrin baxdığı işlərdə hakimlərin qanunsuz qərarlarını Avropa Məhkəməsinin president hüququndan istifadə etməklə əsaslandırmağa çalışdıqlarını qeyd edib.

“Əgər bir ölkədə məhkəmə hakimiyyəti müstəqil deyilsə, keçirilən təlimlərin əks-effekti ortalığa çıxır. Həmin president hüququndan hüququ pozulmuş şəxsin xeyrinə istifadə etmək əvəzinə daha çox çıxarılan qərarların əsaslandırılması üçün istifadə edirlər”.

Ənnağı Hacıbəyli hesab edir ki, beynəlxalq təşkilatların bu cür fəaliyyətinin heç bir müsbət təsiri yoxdur:

“Bu layihələrin hamısı formal xarakter daşıyır, hamısı pulların xərclənməsinə, xarici səfərlərə, kimlərinsə kef etməyinə xidmət edir. Əvvəllər heç olmasa vətəndaş cəmiyyəti vardı və təlimlər onlarla birgə keçirilirdi və tədbirlərdə mövcud vəziyyətin real müzakirələri gedirdi. İndi bunlar da yoxdur. Çünki tənqidçi vətəndaş cəmiyyəti susdurulub, nəticədə bu cür təlimlər hökumətin, Ədliyyə Nazirliyinin “cibində” fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə təşkil edilir.
Yaxud Avropa Şurası və Avropa İttifaqı öldürülmüş vətəndaş cəmiyyətini əvəzləyib tədbir təşkil edirlər. Bütün bunlar anormal xarakter daşıyır. Bilirsiniz, hər şey siyasi rejimin mahiyyətindən qaynaqlanır”.

Ə.Hacıbəyli vurğulayıb ki, əgər məhkəmə hakimiyyətinin müstəqilliyi üçün siyasi iradə yoxdursa, bu təlimlər xeyrə xidmət əvəzinə şərə xidmət edəcək.

“Ona görə ölkədə konstitusiya, qanunun aliliyi bərqərar olunmayacaqsa, təlimlər də təsirsiz olacaq”.

Media hüquqçusu, fəaliyyətini dayandırmış Media Hüququ İnstitutunun çalışanlarından olmuş Xalid Ağaliyev hesab edir ki, Avropa Şurası və Avropa Birliyinin həyata keçirdiyi layihələrin cəmiyyətdə müzakirəsini vacib sayır.
“Bu vəsaitlər ölkəmizə ümumilikdə idarəçiliyin yaxşılaşdırılması məqsədilə ayrılıb. Bunun üçün minnətdar olmaqla yanaşı, hər kəsin həmin vəsaitlərin nə dərəcədə effektiv xərclənməsini çək-çevir etmək haqqı da var və bu məsələlər mütləq sorğu-sual edilməlidir”, deyən X.Ağaliyev əlavə edir ki, Avropa Şurası və Avropa Birliyinin son 3-4 ildəki fəaliyyətinin məzmunu xüsusilə önəmli idi.

“Çünki bu illər hökumətin vətəndaş cəmiyyətinə ağır basqılarından sonrakı dövrü əhatə edir. Bu fəaliyyətlərdən əsas gözlənti bu idi ki, durum yaxşılaşacaq, media, QHT-lər, vətəndaş cəmiyyəti üçün fəaliyyət mühiti qaydasına düşəcək. Amma bu olmadı. Mənim gəldiyim ümumiləşdirilmiş nəticə budur ki, 2014-cü ildən bəri bu qurumların həyata keçirdiyi fəaliyyətlər gerçək vətəndaş cəmiyyətinin tam sıradan çıxarılması, hökumətin kontrolunda olanların dirçəldilməsi, ayaqda saxlanılması ilə əlamətdar olub. Fikrimcə, 4 ildəki fəaliyyətlər, layihələr hökumətin xoşlamadığı, onu mədh etməyən kəsimə demək olar ki, qapalı olub. Bu fəaliyyətlər lap minimal istisnalarla hökumətin icazə verdiyi mövzularda, hökumətin seçdiyi şəxslərlə, tam hökumətin kontrolunda reallaşdırılıb”, deyən X.Ağaliyevə görə, AŞ və AB Azərbaycandakı mühitin yaxşılaşdırılmasına çox böyük faydalar verə bilərdilər, ancaq bu gözləntilər qətiyyən doğrulmayıb.

Xalid Ağalıyev

Xalid Ağalıyev

2015-2017-ci illərdə icra edilmiş “İfadə azadlığı və media” layihəsinə gəlincə, X.Ağaliyev 3 il əvvəl həmin layihənin təqdimatında iştirak etdiyini deyir.

“Xatırlayıram ki, 2015-ci ildə təqdimat zamanı həmin layihənin əsas hədəfinin medianın hüquqi müdafiə mexanizminin yaradılması olduğu açıqlanmışdı. Bu gün heç kim belə bir mexanizmin yaradıldığını iddia edə bilməz. Halbuki, 2015-ci ilədək belə bir mexanizm vardı, Media Hüququ İnstitutu hüquqi problemi olan bütün jurnalistlərin dərhal üz tutduqları effektiv bir mexanizm idi. Amma bu layihə nə MHİ ilə, nə də 10 ildən artıq həmin mexanizmi quranlarla əməkdaşlıq etmədi, həmin mexanizm də layihənin icra edildiyi zamanlarda sıradan çıxdı”.

X.Ağaliyev hesab etmir ki, təşkilatçılar fəaliyyətlərinin nəticələrindən məmnundurlar.

“Geridə qalan 3-4 ildə icra edilmiş layihələrin, fəaliyyətlərin hesabatı mediaya, bu sahəyə aid kəsimə demək olar ki, qapalı açıqlandı. Nəticələrdən gerçəkdən razı olsalar, daha geniş spektri əhatə edən müzakirələr təşkil olunardı”, deyən X.Ağaliyev qarşıdakı 3-4 illik fəaliyyət planının da geniş ictimaiyyətə açıqlanmadığını, bunun Azərbaycan cəmiyyəti üçün pis qapalılıq örnəyi olduğunu qeyd edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/5ran3q

Ən çox baxılan