Mehdi İbrahimov şərti cəza aldı
AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu, futbol məşqçisi Mehdi İbrahimova ilyarım azadlıqdan məhrumetmə cəzası verilib. Lakin ona münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub və bu cəza şərti hesab edilib.
Fevralın 10-da Xətai Rayon Məhkəməsində hakim Rəşid Rzayev onun haqqında hökm çıxarıb. Hökmə əsasən, M.İbrahimov Cinayət Məcəlləsinin 139-1.1 (karantin rejiminin pozulması xəstəliyin yayılması üçün real təhlükə yaratdıqda) maddəsilə təqsirli bilinib. İttihama əsasən, M.İbrahimov koronavirusa yoluxduğu halda küçəyə çıxaraq, xəstəliyin yayılmasına şərait yaradıb.
M.İbrahimov isə ittihamı qəbul etmir, koronavirus daşıyıcısı olması haqda yazılanların yalan olduğunu bildirir.
Onun atası Məmməd İbrahim Meydan TV-yə açıqlamasında bildirmişdi ki, oğlu ötən il iyulun 14-dən 15-nə keçən gecə Bakıda keçirilən Qarabağa və Milli Orduya dəstək yürüşündən qayıdarkən yüzlərlə başqa insanla birlikdə saxlanılıb. Sonradan Xətai Rayon Polis İdarəsində Mehdinin müxalif siyasətçinin oğlu olduğunu biliblər və barəsində qondarma cinayət işi başlayıblar.
Məmməd İbrahim onu da əlavə edib ki, oğlu koronavirusa yoluxmuş olsaydı, barəsində həbs qərarı çıxarılarkən məhkəməyə polislərlə eyni maşında, xüsusi geyim və başqa qoruyucu vasitələr olmadan gətirilməzdi.
Atasının sözlərinə görə, həm özü, həm də digər iki oğlundan fərqli olaraq, Mehdi həmişə siyasətdən kənarda olub. O, yeniyetmə vaxtından futbol sahəsində fəaliyyət göstərir.
M.İbrahimov 2020-ci il avqustun 19-da ev dustaqlığına buraxılıb. O, həbsdə saxlanılarkən barəsindəki cinayət işinin saxta olduğunu bildirərək, azadlığa buraxılma tələbilə aclıq aksiyası keçirmişdi.