Vəkil: “Məhkəmə nə şikayətimizi təmin etdi, nə də qərarını əsaslandırdı”
Oktyabrın 26-da Bakı Apelyasiya Məhkəməsində jurnalist Əfqan Muxtarlının iki şikayətinə baxılıb.
Şikayətlər Sabunçu rayon Məhkəməsinin 16 oktyabr qərarlarından verilib.
Meydan TV-yə danışan vəkil Zibeydə Sadıqova deyib ki, hakim Qail Məmmədovun sədrliyilə keçirilən birinci prosesdə jurnalist Əfqan Muxtarlının Bakı İstintaq Təcridxanasında telefon danışıqlarına məhdudiyyət qoyulması ilə bağlı şikayətinə baxılıb.
Vəkil Sabunçu rayon Məhkəməsinin işə onların iştirakı olmadan baxıb, geri qaytardığını deyir:
“Biz Sabunçu rayon Məhkəməsinin qərarının qanunsuz olduğunu bildirdik. Ləğv olunmasını istədik. Jurnalistin telefonla danışmaq hüququ niyə məhdudlaşdırılmalıdır? Məhkəmə şikayətimizi təmin etmədi. Üstəlik, qərarını əsaslandırmadı da”.
İkinci proses hakim Rizvan Səfərovun sədrliyilə keçirilib. Şikayət jurnalistin yaxınları ilə görüşünə icazə verilməməsi haqda olub:
“Yenə Sabunçu rayon Məhkəməsinin qərarı qüvvədə saxlanıldı”, – deyə Zibeydə Sadıqova bildirib.
Jurnalist Əfqan Muxtarlı bu il mayın 29-u müəmmalı şəkildə yaşadığı Tbilisidən gətirilərək Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Bu zaman onun cibinə 10 min avro pul da qoyulub.
Rəsmi qurumların məlumatında isə deyilir ki, o, sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanılıb. Bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərib.
Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur.
Əfqan Muxtarlı son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının müəllifi idi.