Məhkəmə jurnalistin həbs müddətini azaldıb

Vəkil: “Qərarı qismən ədalətli sayıram”

Source:
Əfqan Sadıqov
Əfqan Sadıqov


Vəkil: “Qərarı qismən ədalətli sayıram”

Noyabrın 7-si Ali Məhkəmə azel.tv saytının təsisçisi və redaktoru, jurnalist Əfqan Sadıqovun 2 il 6 ay azadlıqdan məhrum edilməsindən verilən kassasiya şikayətinə baxıb. Məhkəmə jurnalistin cəzasını azaldıb.

Bu barədə Meydan TV-yə Əfqan Sadıqovun vəkili Elçin Sadıqov məlumat verib. O, Ə.Sadıqov barəsində çıxarılmış məhkəmə qərarının qanunsuz və əsassız olduğunu deyib:

“Jurnalist şərlənib. Odur ki, məhkəmədən onun barəsində bəraət hökmü çıxarmasını xahiş etdik”.

Vəkil deyir ki, məhkəmə qərar verərkən jurnalistin ittiham olunduğu maddəni dəyişib. Ə.Sadıqov Cinayət Məcəlləsinin (CM) 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə məhkum edilmişdi. Ali Məhkəmə həmin maddəni CM-nin 127.1-ci (Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə dəyişib.

Məhkəmə jurnalistin cəza müddətini 2 il 6 aydan 1 il 6 aya endirib.

Elçin Sadıqov məhkəmənin qərarını qismən ədalətli hesab edir. O, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət hazırlayacağını deyir.

Azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılıb. Ona CM-in 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülüb. O, icra hakimiyyətində bir qadını vurmaqda ittiham edilib. Ə.Sadıqov isə bunu qurama iş adlandırıb.

2017-ci il yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsində xuliqanlıqda ittiham olunan Ə.Sadıqov barəsində hökm oxunub. Məhkəmə onu 2 il yarım azadlıqdan məhrum edib.

Hüquq müdafiə təşkilatları onun adını siyasi məhbusların siyahısına daxil edib. Yerli hüquq müdafiəçiləri onun rayonda tənqidi yazılarına görə şərlənərək həbs edildiyini düşünürlər.

Bu açıqlamalara hələlik, Cəlilabad Rayon İcra Hakimiyyətindən hər hansı münasibət almaq mümkün olmayıb.

Ancaq rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Bildirirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Ana səhifəXəbərlərMəhkəmə jurnalistin həbs müddətini azaldıb