Məhkəmə jurnalistin ev dustaqlığı vəsatətinə 4-cü dəfə ”yox” deyib

Vəkil: “Qərardan apelyasiya şikayəti verəcəyik”

Foto: arxiv
Əfqan Muxtarlı
Əfqan Muxtarlı


Vəkil: “Qərardan apelyasiya şikayəti verəcəyik”

Noyabrın 7-də Nəsimi rayon Məhkəməsi jurnalist Əfqan Muxtarlı barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqda vəsatəti rədd edib.

Məhkəmədə Ə.Muxtarlını Osman Kazımov və Elçin Sadıqov təmsil edib.

Vəkillərin bildirdiyinə görə, indiyədək Ə.Muxtarlının ev dustaqlığına buraxılması üçün məhkəməyə 4 dəfə müraciət edilib. Bundan əvvəl verilmiş vəsatətləri Nəsimi rayon Məhkəməsi rədd edib. Məhkəmə hesab edib ki, Ə.Muxtarlı ev dustaqlığına buraxılarsa, istintaqın gedişinə təsir göstərə, şahidlərə təzyiq edə bilər.

Ə.Muxtarlının istintaqı başa çatsa da, məhkəmə vəkillərin dördüncü vəsatətinə də “yox” deyib. Qərarı hakim Babək Pənahovun sədrlik etdiyi məhkəmə kollegiyası çıxarıb.

Jurnalistin müdafiəçiləri məhkəmə qərarından apelyasiya şikayəti veriləcəklərini bildiriblər.

Jurnalist Əfqan Muxtarlı bu il mayın 29-u müəmmalı şəkildə yaşadığı Tbilisidən gətirilərək Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Bu zaman onun cibinə 10 min avro pul da qoyulub.

Rəsmi qurumların məlumatında isə deyilir ki, o, sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanılıb. Bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərib.

Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur.

Əfqan Muxtarlı son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının müəllifi idi.

Ana səhifəXəbərlərMəhkəmə jurnalistin ev dustaqlığı vəsatətinə 4-cü dəfə ”yox” deyib