Vəkil: ”Davam etdirilən ibtidai istintaq Meydan TV ilə əməkdaşlıq edən bütün jurnalistləri və digər şəxsləri əhatə edir”
Meydan TV ilə əməkdaşlıqda günahlandırılan jurnalist Aynur Elgünəşin şikayəti Nəsimi rayon Məhkəməsi tərəfindən icraata götürülməyib. Bu barədə məlumatı jurnalistin vəkili Elçin Sadıqov özünün Facebook səhifəsində yayıb:
“26 aprel 2016-cı il tarixdə Nəsimi rayon Məhkəməsinin hakimi Babək Pənahovun sədrliyi ilə Aynur Elgünəşin ölkədən çıxışına qadağa qoyulmasının qanunsuz hesab edilməsi və ölkədən çıxışına qoyulan qadağanın ləğv edilməsi ilə bağlı məhkəmə nəzarəti qaydasında şikayətə baxıldı.
İki aya yaxın sürən məhkəmə prosesindən sonra nəhayət, 26 aprel 2016-cı il tarixdə Baş Prokurorluğun Ağır cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Əli Babayev bir saatdan çox gecikməklə də olsa məhkəmə iclasında iştirak etdi.
Bildirdi ki, AR Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində vəzifə səlahiyyətlərindən sui-istifadə olunaraq külli miqdarda gəlir əldə etməklə və vergiləri ödəməkdən yayınmaqla qanunsuz sahibkarlıq fəaliyyəti həyata keçirməklə, dövlətin qanunla qorunan manafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması faktına dair Meydan TV internet media kanalının vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası CM-nin 192.2.2., 213.2.2., 308.2-ci maddələri ilə ibtidai istintaqı aparılan 152006048 nömrəli cinayət işinin istintaqı zamanı zərurət yarandığından Aynur Qənbərovanın ölkədən çıxışına qadağa qoyulub. Həmin zərurət hələ aradan qalxmayıb.
Məhkəmə şikayətimizi icraata qəbuldan imtina etməsi barədə qərar qəbul etdi. Baxmayaraq ki, məhkəmə nəzarəti qaydasında şikayətin icraata qəbul edilməsində imtina olunması nəzərdə tutulmayıb”.
Vəkil deyir ki, oxşar işlər olub ki, həmin işlər Nəsimi rayon Məhkəməsi tərəfindən icraata qəbul edilərək müvafiq qərarlar qəbul edilib: “Həmin qərar qanunsuz olduğundan bu gün apellyasiya şikayəti vermişik. Şikayətimiz təmin edilmədiyi təqdirdə Avropa Məhkəməsinə şikayət edəcəyik.
Oxşar şikayətlər çoxdur, onlardan təmin edilməyənlər, hələ baxılmaqda olanlar var. Həmin şəxslərə qadağa qoyulması onu göstərir ki, həmin şəxs Meydan TV ilə bağlı cinayət işinin qurbanına çevrilə bilər”.
Vəkil vaxtilə QHT-lərə açılan cinayət işi ilə Meydan TV-nin işini müqayisə edir: “Diqqətinizə çatdırım ki, 13 may 2014-cü ildə AR Baş Prokurorluğu tərəfindən 142006023 saylı cinayət işi başlanılmışdı. Həmin cinayət işinin başlanılması haqqında qərarda konkret olaraq heç bir QHT-nin adı çəkilmirdi və ümum olaraq “ölkədə fəaliyyət göstərən bir sıra QHT-lər” ifadələri işlədilirdi. Sonradan praktika onu göstərdi ki, prokurorluq bu ümumi ifadə adı altında ölkədə fəaliyyət göstərən müstəqil QHT-lərin hamısının fəaliyyətini araşdırır və əlavə qərar qəbul etmədən həmin cinayət işi üzrə İntiqam Əliyevi, Rəsul Cəfərovu, Leyla Yunusu, Arif Yunusu, Emin Hüseynovu və başqalarını təqsirləndirilən şəxs qismində cəlb etdilər.
Meydan TV internet media kanalının vəzifəli şəxsləri barəsində başlanılmış cinayət işi və davam etdirilən ibtidai istintaq Meydan TV ilə əməkdaşlıq edən bütün jurnalistləri və digər şəxsləri əhatə edir.
Jurnalistin vəzifəli şəxs hesab edilməsi ilə bağlı ölkəmizdə acı praktika mövcuddur. Məsələn, Əvəz Zeynallının, “Bizim Yol” qəzetinin jurnalisti Müşviq Hüseynovun işində jurnalist vəzifəli şəxs hesab olunub. Təbii ki, bu praktika tamamilə yanlışdır. Hesab edirik ki, korrupsiya cinayətlərinin kriminlallaşdırılması məqsədləri baxımından jurnalist vəzifəli şəxs, yəni korrupsiya cinayətlərinin subyekti hesab edilə bilməz. Jurnalist fəaliyyəti kimi konstitusion fəaliyyət qanunsuz sahibkarlıq kimi tövsif edilə bilməz.