Afiəddin Məmmədov zorakılığa məruz qaldığını deyib
Sentyabrın 29-da Bakı Apelyasiya Məhkəməsində İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov haqqında həbs qərarından verilmiş şikayətə baxılıb.
İctimai fəal Cinayət Məcəlləsinin 126.1 (qəsdən bədənə ağır xəsarət yetirmə) və 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham olunur.
İddia olunur ki, o, sentyabrın 20-də kiməsə bıçaqla xəsarət yetirib. Elə həmin gün də saxlanılıb. Ertəsi gün Xətai Rayon Məhkəməsinin qərararıyla onun barəsində istintaq dövrü üçün 2 aylıq həbs qətimkan tədbiri seçilib. Apelyasiya şikayəti də həmin qərardan verilib.
Apelyasiya şikayəti üzrə məhkəmə iclası əvvəl sentyabrın 28-nə təyin olunmuşdu. Lakin həmin məhkəməyə Afiəddin Məmmədovun özünü gətirməmişdilər deyə, proses baş tutmamışdı. Sentyabrın 29-da məhkəməyə ictimai fəalın özünü də gətiriblər. O bildirib ki, ittiham başdan-ayağa saxtadır, heç bir cinayət törətməyib. Afiəddin Məmmədovun sözlərinə görə, sentyabrın 20-də evdən çıxıb gedəndə bir nəfər ona yaxınlaşıb. Həmin şəxs özünə xəsarət yetirib, bıçağı da onun üstünə atıb. Daha sonra ətrafda əvvəldən gözləyən polislər onu tutub aparıblar. Bu üsulla şərlənərək həbs olunduğunu deyən ictimai fəalın sözlərinə görə, bıçaqlandığı iddia olunan şəxsin özü ona zərər yetirib.
Afiəddin Məmmədov apelyasiya məhkəməsinin hakimlərinin nəzərinə çatdırıb ki, əsl zərərçəkmiş onun özüdür. Çünki saxlandıqdan sonra özü zorakılığa məruz qalıb:
“Guya mənim bıçaqladığım adam ki var, onun özü mənə zərər yetirib. Məni elə vurmuşdu, iki gün Kürdəxanı təcridxanasında burnumun qanı dayanmırdı”.
İctimai fəal əlavə edib ki, zorakılığa məruz qalmasıyla əlaqədar ekspertizadan da keçirilib. Onun sözlərinə görə, sifarişlə həbs olunub və ona qarşı bu təxribatın qurulmasının əsl səbəbi işçilərin hüquqlarının müdafiəsilə məşğul olmasıdır.
Afiəddin Məmmədov yada salıb ki, bu fəaliyyətinə görə bundan əvvəl də dəfələrlə polisə müqavimət ittihamıyla şərlənərək, hər dəfə 30 sutka inzibati qaydada həbs olunub.
Afiəddin Məmmədovun vəkili Zibeydə Sadıqova da onun təqsirsiz olduğunu vurğulayıb. Həmçinin bildirib ki, onun barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün heç bir əsas yox idi. Onu həbsdə saxlamadan da istintaq aparmaq mümkündür. Xətai Rayon Polis İdarəsinin müstəntiqi isə apelyasiya şikayətinin təmin olunmamasını istəyib. O bildirib ki, Afiəddin Məmmədov barədə alternativ qətimkan tədbiri seçilsə, istintaqdan qaçıb gizlənmək ehtimalı var. Ona görə də onun haqqında 2 aylıq həbs qətimkan tədbiri qərarı qüvvədə qalmalıdır. Bakı Apelyasiya Məhkəməsinin hakimləri də Xətai Rayon Məhkəməsinin 21 sentyabrda çıxardığı qərarı dəyişməyib. İşçilərin hüquqlarının müdafiəsilə məşğul olan gənc fəal bundan əvvəl üç dəfə inzibati qaydada həbs olunub. O, sonuncu dəfə avqustun 1-də həbs olunmuşdu. Bu dəfə ona 30 sutka həbs cəzası verilmişdi. Afiəddin Məmmədovun ittiham olunduğu Cinayət Məcəlləsinin 126.1 və 221.3 maddələrində 2 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Sentyabrın 20-dən bu yana Azərbaycanda müharibə əleyhdarı olan çoxsaylı ictimai fəallar həbs olunub.