Vəkilləri qurumun nümayəndəsinin də məhkəmədə iştirakını istədilər
Sentyabrın 19-da Nərimanov Rayon Məhkəməsində Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, professor Qubad İbadoğlunun sağlamlıq problemlərilə bağlı vəkillərinin verdiyi şikayətə baxılıb.
Vəkilləri onun həbsdə olduğu dövrdə müayinə və müalicəsinin gecikdirilməsi, analizlərinin nəticələrilə bağlı tibbi sənədlərin gec və yarımçıq təqdim olunması kimi hallardan məhkəməyə şikayət ediblər.
Hakim Vüsal Qurbanovun sədrliyilə keçirilən məhkəmə iclasında ADR sədri özü də iştirak edib.
Vəkillər Zibeydə Sadıqova və Bəhruz Bayramov hüquqlarını müdafiə etdikləri şəxsin səhhətindəki problemlərə diqqət çəkərək bildiriblər ki, Qubad İbadoğlu kəskin ürək, şəkər, təzyiq və s. xəstəliklərdən əziyyət çəkir.
Onun qapalı şəraitdə saxlanması sağlamlıq problemlərini daha da kəskinləşdirib. Üstəlik, vaxtında müayinə olunmaması, lazımi şəkildə müalicə ala bilməməsi də durumu kritikləşdirir.
Qubad İbadoğlu özü də çıxış edərək həbsin ona yeni xəstəliklər qazandırdığını bildirib.
Onun sözlərinə görə, həbsdən öncə sağlamlıq problemi olsa da, vaxtlı-vaxtında həkimə gedir, dərmanlarını qəbul edirdi.
O, səhhətində kəskin problemlər olduğu halda, qapalı şəraitdə saxlanmasını, müayinənin nəticələrinin ona verilməməsini və s. halları qeyri-insani rəftar kimi qiymətləndirib.
Qubad İbadoğlu deyir ki, dərmanları ona verirlər, lakin həmişə əlinin altında olmur deyə vaxtında qəbul edə bilmir:
“Nə vaxt mənə verilirsə, onda qəbul edə bilmirəm. Yaxud da gedirəm, təzyiqimi ölçürlər. Onlar ölçəndə guya normal olur. Amma gəlirəm, öz təzyiqölçən aparatımla ölçəndə başqa nəticə olur”.
Qubad İbadoğlunun müayinəsinin nəticələrini əldə etmək üçün vəkilləri dəfələrlə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə sorğular göndərmişdilər. Lakin ya sorğuya cavab verilməyib, ya imtina edilib.
Vəkillərin bildirdiyinə görə, bir neçə müraciətdən sonra alınan cavab isə onları qane etməyib. Onlar hesab edir ki, müayinənin nəticələrinə dair cavablar tam olmayıb.
Hakim Vüsal Qurbanov qərara gəlib ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə sorğu verilsin, Qubad İbadoğlunun müayinə və müalicəsilə bağlı sənədlər bu qurumdan alınsın.
Onun vəkilləri bu qurumun nümayəndəsinin də məhkəmədə iştirak etməsini istəyib.
Hakim qərar verib ki, Qubad İbadoğlunun müayinə və müalicəsinə dair şikayətlə bağlı məhkəmə prosesi sentyabrın 22-də davam etdirilsin.
London İqtisadiyyat Məktəbinin əməkdaşı olan Qubad İbadoğlu iyulun 23-də saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Ertəsi gün Nərimanov Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur.
Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı.
FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.
Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.
Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.
Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur. Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.
Avqustun 25-də ona Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham elan olunub.
Qubad İbadoğlu bu ittihamın da absurd olduğunu deyib və etiraz əlaməti olaraq, ifadə verməkdən imtina edib.
Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra məkandan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.
Bundan başqa, avqustun 6-da Türkiyədə yaşayan və orada universitetdə işləyən azərbaycanlı alim Fazil Qasımov saxlanılaraq, Azərbaycana gətirilib.
Avqustun 8-də Nərimanov Rayon Məhkəməsinin qərarıyla onun haqqında həbs qətimkan tədbiri seçilib.
Ona qarşı da eyni maddə ilə ittiham irəli sürülüb.