Məhkəmə Gülalıyevlərin heç bir vəsatətini təmin etməyib

Hüquq müdafiəçisi məhkəmənin gedişini qərəzli hesab edir

Source:


Hüquq müdafiəçisi məhkəmənin gedişini qərəzli hesab edir

Martın 3-də Apellyasiya Məhkəməsi hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Əli Gülalıyevin şikayətinə baxıb. Bu barədə Meydan TV-yə danışan Oqtay Gülalıyev deyib ki, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi ilə bağlı ilkin istintaqın düzgün aparılmadığını, Xətai Rayon Məhkəməsinin dəlil və subutları araşdırmadan birtərəfli və qərəzli şəkildə hökm çıxardığını əsas gətiriblər. Apellyasiya Məhkəməsinə qismən məhkəmə istintaqının aparılması barədə vəsatət verilib, ancaq qəbul olunmayıb.

Gülalıyevlər birinci instansiya məhkəməsinin protokollarında bilərəkdən ciddi nöqsanlara və saxtakarlıqlara yol verildiyini söylətiblər, eyni halın Apellyasiya Məhkəməsində də təkrarlanmaması üçün prosesdə videoçəkilişin aparılmasının təmin edilməsini istəyiblər. Amma hakim vəsatəti qəbul etməyib.

O.Gülalıyev bildirib ki, həm birinci instansiya məhkəməsində, həm də Apellyasiya Məhkəməsində “zərərçəkən” iştirak etmədiyi üçün məhkəmə prosesinin onun iştirakı ilə aparılması barədə də vəsatət qaldırıblar. Ancaq hakim bu vəsatəti də qəbul etməyərək, prosesdə onun iştirakına ehtiyac olmadığını deyib: “Daha bir vəsatətimiz istintaqda hədə-qorxu gələrək, öncədən hazırlanmış hazır protokollara qol çəkdirilmiş şahidlərin iştirakının təmin olunması barədə oldu. Məhkəmə bu vəsatətimizi də qəbul etmədi. Nəhayət, sonuncu vəsatətimiz hadisə yerində quraşdırılmış hadisənin baş verdiyi zamanda müşahidə kamerasının yaddaşında lentə alınmış video görüntülərə baxış keçirilməsi barədə oldu. Bu vəsatətimizi də qəbul etməyəcəyi təqdirdə ədalətsiziliyin və saxtakarlığın pik həddə, siyasi sifarişin açıq- aşkar faş olacağını hiss edən hakim prosesi 11 marta qədər təxirə saldı”.

“Təsəvvür edirsinizmi, məhkəmə heç bir şahidi dinləmədən, “zərərçəkən”in özünü görmədən və “şikayəti”nə qulaq asmadan, baş verdiyi iddia olunan hadisə ilə bağlı əsas və yeganə tutarlı faktı- video görüntüyə baxmadan, azyaşlı məktəbli uşaqlardan polis bölməsində valideynlərinin iştirakı olmadan zorla alınmış ifadələri incələmədən, eləcə də digər subut və dəlilləri araşdırmadan məhkəməni yekunlaşdırıb, tələm- tələsik qərar vermək istəyirdi”,- Gülalıyev qeyd edib.

Ana səhifəXəbərlərMəhkəmə Gülalıyevlərin heç bir vəsatətini təmin etməyib