Mətləb Qasımov

Mənbə: Meydan TV

Başlıq: Mətləb Qasımov

“Məhkəmə evimi, həyətimi oğurlayana yüngül cəza kəsib”

Məqalə yeniləndi:  23 Oktyabr 2020

Mətləb Qasımov deyir, məhkəmə oğurluq nəticəsində ona dəymiş 5 min manat zərəri də nəzərə almayıb

“Evim, həyətim talan edilib, bu oğurluqla mənə 5 min manatdan çox maddi zərər dəyib, hələ bunun mənəvi zərərini qoyuram kənara. Əvəzində məhkəmə qarşı tərəfə yüngül cəza verib. Dəymiş zərərin ödənilməsinə görə isə qarşı tərəfin üzərinə heç bir öhdəlik qoymayıb”.

Lerikin Hamarat kənd sakini Mətləb Qasımov Meydan TV-yə danışır ki, bu ilin mart ayında kənddəki evində oğurluq olub. Bu barədə qonşuluğunda yaşayan yaxın qohumu vasitəsilə xəbər tutub. Daxili İşlər Nazirliyinin 102 Xidmətinə məlumat versə də, karantinlə əlaqədar Bakıdan kənara çıxa bilmədiyi üçün kənddəki evinə yalnız may ayında gedə bilib. Polislə birlikdə həyətə və evə baxış keçirilərkən məlum olub ki, hasarı əvəz edən 300 metrdən çox dəmir tor, 675 manatlıq qurudulmuş taxta paya, işıq sayğacı, elektrik kabelləri, evdəki texniki və məişət əşyaları, bahalı usta alətləri oğurlanıb, qapılar yerindən çıxarılıb, pəncərələr sındırılıb. Polis bu cinayətə görə Mətləb Qasımovun yaxın qohumu olan Qasım Qasımovu məsuliyyətə cəlb edib. Ancaq bir neçə gün əvvəl məhkəmənin həmin şəxs barəsində çıxardığı hökm Mətləb Qasımovu qane etmir.

“Məhkəmə hökmü ilə razı deyiləm”

“Əvvəla, cinayəti özü yox, oğlanları törətmişdi, oğlanlarına cinayət işi açılmasın deyə, dəridən-qabıqdan çıxdı, cinayəti öz üzərinə götürdü. Əvvəldən bu iş rüşvətlə düzülüb qoşuldu. Elə məhkəmə də rüşvət alıb ona yüngül cəza verdi. Oktyabrın 14-də isə keçirilən sonuncu məhkəmə iclasına çağırılsam da, qeyd olunan vaxtda məhkəmə binasına çatanda məlum oldu ki, iclas təyin edildiyi vaxtdan tez keçirilib. Narazılığımı bildirsəm də, əhəmiyyət verilmədi. Bircə onu öyrənə bildim ki, Qasım Qasımova ev dustaqlığı cəzası kəsilib. Mənə dəymiş zərərin isə hökmdə adı da çəkilməyib”, - şikayətçi deyir.

Deyib, məqsədi oğurluq yox, ziyan vurmaq olub

Qasım Qasımov barəsində Cinayət Məcəlləsinin 177.2.3 (Yaşayış sahəsinə, habelə, binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) maddəsi ilə cinayət işi başlanıb, iş yekunlaşdıqdan sonra məhkəməyə göndərilib.

Qasım Qasımov həm ibtidai istintaqda, həm də məhkəmədə bildirib ki, Mətləb Qasımovun hasara aldığı torpaq sahəsi ata-babalarına məxsusdur. Həmin torpaq payında onun da payı var. 2019-cu ilin yayında Mətləb Qasımov kəndə gələrək evini, həyət-bacanı təmir edib, 2 ay orada qalıb, Bakıya qayıdıb. Mətləb Qasımov kənddə qaldığı müddətdə Qasım Qasımovun mal-qarası bir neçə dəfə onun çəpərə aldığı həyətyanı sahəyə girib, buna görə Mətləb onu təhqir edib. Mətləb Bakıya qayıtdıqdan sonra sayğacı yerindən çıxararaq kənara atıb, elektrik kabellərini mənbədən ayırıb, qıraraq yerə tullayıb ki, həyətdə otlayan heyvanlarını cərəyan vurmasın. Evin damına çıxaraq dam örtüklərini çıxarıb, evin aşağı tərəfinə atıb. Tor çəpəri və usta alətlərini də həmin yerə atıb. Evdəki məişət əşyaları (televizor və sair) əvvəl öz evinə aparıb, Mətləb Qasımovun polisə şikayət etdiyini eşitdikdən sonra qorxuya düşərək gətirib digər əşyaların yanına atıb. Taxta payalarını isə öz evinə apararaq odun əvəzi yandırıb. O, Mətləb Qasımova ziyan vurmaq üçün belə etdiyini söyləyib. O, həmin əşyaların atdığı yerdən nə vaxt yoxa çıxdığını, kim tərəfindən və hara daşındığını bilmədiyini deyib.

Lerik Rayon Məhkəməsindən bildirilib ki, işə hakim Atabət Kiçikbəyovun sədrliyi ilə baxılıb. Qasım Qasımov 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Məhkəmə hökmü şərh olunmur, Mətləb Qasımov hökmlə razılaşmırsa, apelyasiya şikayəti verə bilər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  23 Oktyabr 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/io3v48

Ən çox baxılan