“Məqsəd şikayətimin ölkə daxilindəki məhkəmələrdə baxılmasının qarşısını almaqdır”
AXCP sədri Əli Kərimlinin ötən il oktyabrın 19-da Milli Şuranın keçirdiyi etiraz aksiyasında saxlanması və döyülməsilə bağlı şikayətinə məhkəmə baxmaqdan imtina edib. Bu barədə Meydan TV-yə partiyadan verilən məlumatda bildirilir ki, Ə.Kərimli tutulması və işgəncəyə məruz qalmasıyla bağlı araşdırma aparılması, günahkarların cəzalandırılması üçün Bakı Şəhər Prokurorluğuna müraciət etmişdi. Lakin prokurorluq ötən il dekabrın 5-də qərar çıxararaq, cinayət işi başlanmasını rədd edib. Ə.Kərimli də bu qərardan məhkəməyə şikayət edərək, onun ləğvini istəyib.
“Səbail Rayon Məhkəməsi 21 fevral 2020-ci il tarixli qərarla şikayəti geri qaytarıb. Qərarda tarix 21 fevral göstərilsə də, şikayətçiyə göndərmək üçün poçta martın 6-da təqdim olunub. Poçt da Əli Kərimliyə martın 10-da çatdırıb. Hakim Azər Tağıyev özü qərarı ən azı, 14 gün gec göndərib. Şikayətin geri qaytarılmasına əsas kimi onu göstərib ki, prokurorluğun 5 dekabr qərarı əlavə olunmayıb. O qərar heç Əli Kərimlinin özünə də verilməyib. Bundan ötrü dəfələrlə prokurorluğa məktub yazılsa da, nəticəsi olmayıb. Birincisi, qanunda yazılmayıb ki, mütləq qərar da şikayətə əlavə olunmalıdır. Qanunda yazılıb ki, “şikayət edilən hərəkət və ya qərar göstərilmədikdə” həmin şikayət baxılmadan saxlanıla, geri qaytarıla bilər. Hakim özbaşınalığa yol verərək qanunda göstərilməyən əsasla şikayəti geri qaytarıb. Üstəlik, şikayətdə qeyd olunub ki, prokurorluq qərarı Əli Kərimliyə vermir. Məhkəmə qərəzli olmasaydı, özü prokurorluqdan həmin qərarı tələb edib ala bilərdi”, – deyə partiyadan bildirilib.
Ə.Kərimli hesab edir ki, hakim işgəncəyə məruz qalması haqda şikayəti siyasi motivlərlə geri qaytarıb. Bunu da həmin qərardan verdiyi apelyasiya şikayətində yazıb: “Prokurorluq qərəzli olaraq, baş vermis pozuntularla bağlı obyektiv və səmərəli araşdırma aparmadan, siyasi motivlərlə tələblərimi rədd edib. Qərəzli şəkildə öz qərarını mənə göndərmir. Bunun ardınca hakimin də qanunsuz əsasla şikayətimi geri qaytarmasında məqsəd şikayətimin ölkə daxilindəki məhkəmələrdə baxılmasının qarşısını almaqdır. Bu yolla mənə qarşı işgəncə məsələsinin Avropa İnsan Hüquqları Məhkəməsinə çıxarılmasını yubatmağa çalışırlar”.
Ə.Kərimli apelyasiya şikayətində Səbail Rayon Məhkəməsinin qərarının ləğvini, şikayətinə mahiyyəti üzrə baxılmasını istəyib.
Apelyasiya şikayəti martın 12-də göndərilsə də, bu günə qədər onun nəticəsi haqda məlumat yoxdur.
“Sonuncu dəfə iyunun 8-də məhkəmədən soruşulub, yenə heç bir məlumat vermədilər”, – AXCP-dən bildirilib.
Bakı Şəhər Prokurorluğu isə 5 dekabr 2019-cu il tarixli qərarın Ə.Kərimliyə göndərildiyini bildirir. Prokurorluqdan AXCP sədrinin müraciətinə cavab olaraq göndərilən 22 yanvar tarixli məktubda yazılıb ki, şikayəti üzrə cinayət işi başlanmasının rədd olunması haqda qərar çıxarılıb və həmin qərarın surəti onun yaşadığı ünvana göndərilib. Amma qərarın nə vaxt göndərildiyi barədə məlumat verilməyib.