O, yaxın günlərdə istintaq təcridxanasından xəstəxanaya göndəriləcək
Anasını, atasını, azyaşlı qardaşını, bacısını və onun 5 yaşlı qızını öldürməkdə ittiham olunan Əhməd Əhmədovun psixiatriya xəstəxanasına köçürülməsi üçün onun işi üzrə istintaqa nəzarət edən prokuror məhkəməyə təqdimat verib. Fevralın 22-də Xətai Rayon Məhkəməsində sözügedən təqdimata baxılıb. Hakim təqdimatı təmin edib.
Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, təqsirləndirilən şəxsin hadisə törədilən vaxt öz əməlinin ictimai təhlükəliliyini dərk edib-etmədiyi, hərəkətlərini idarə etmək iqtidarında olub-olmadığını psixiatriya sahəsində ekspertlər müəyyənləşdirir, bu barədə rəy verilir.
Bu növ ekspertiza təyin olunanda, əgər şəxsin stasionar müayinəsinə zərurət varsa, o zaman müstəntiqin vəsatəti, istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərar verməlidir. Yəni şəxs məhkəmə qərarıyla psixiatriya xəstəxanasında tibbi stasionara yerləşdirilir.
“Əhməd Əhmədovun stasionar tibb müəssisəsinə yerləşdirilməsi barədə vəsatət və təqdimat Xətai Rayon Məhkəməsi tərəfindən təmin olunduğuna görə onun hazırda saxlanıldığı istintaq təcridxanasından tibb müəssisəsinə köçürülməsi yaxın günlərdə təmin ediləcək”, – Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Ailə üzvlərini qətlə yetirməkdə ittiham olunan 25 yaşlı Əhməd Əhmədova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və başqa maddələrilə ittiham irəli sürülüb. Bu maddələrlə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Hadisə fevralın 13-də axşam saat 16.30 radələrində baş verib.
İttihama görə, Əhməd Əhmədov paytaxtın Günəşli qəsəbəsində yaşayan bacısı – 1997-ci il təvəllüdlü Elmira Əhmədova və onun 5 yaşlı qızını balta ilə qətlə yetirib. O, daha sonra Xətai rayonu, Əhmədli qəsəbəsində valideynlərinin yaşadığı evə gəlib. Öncə evdə olan atası, 1972-ci il təvəllüdlü Mehman Əhmədovu balta ilə öldürüb. Daha sonra anası Bikə Əhmədova və 9 yaşlı qardaşı Məhəmmədin gəlməsini gözləyib. Ana və uşaq birlikdə gələndə onların da eyni üsulla öldürüldüyü bildirilir.
Qətlə yetirilən 47 yaşlı Bikə Əhmədova Bakıdakı 59 saylı məktəbin direktoru idi.
Qohumlarının verdiyi ilkin məlumatlara görə, Əhməd Əhmədovun psixi problemləri vardı. Bu üzdən onun xəstəxanada müalicə aldığı, davamlı şəkildə dərmanlar qəbul etdiyi bildirilir.