Məhkəmə Əfqan Muxtarlının yaxınlarının şikayətinə baxmağı rədd edib

“Əfqan Muxtarlıya yaxınları və vəkili ilə görüş izni verilmir”

Source:

Jurnalist Əfqan Muxtarlının yaxınları Sabunçu Rayon Məhkəməsinə müraciət ediblər. Şikayətləri Əfqan Muxtarlı ilə görüşmələrinə maneçilik yaradılması ilə bağlı olub. Ancaq məhkəmə şikayətə baxmaqdan imtina edib.

Bu barədə jurnalistin vəkili Elçin Sadıqov məlumat verib. Bildirib ki, Əfqan Muxtarlıya nəinki yaxınları, vəkili ilə görüşə də maneçilik yaradılır:

“İyunun 5-də görüşümüzə imkan vermədilər. Eyni maneələrlə jurnalistin ailə üzvlərinin etibarnamə verdiyi yaxın dostları Məcid Məcidli, Samir Əsədli, Məsud Əsgər də üzləşib. Onlar 3, 10, 17, 24 iyun və 1 iyulda təcridxananada Əfqan Muxtarlı ilə görüşmək istəyiblər. Onlar jurnalistə ərzaq aparıblar. Ancaq görüşlərinə imkan verilməyib”.

E.Sadıqov deyir ki, görüş probleminə görə Sabunçu Rayon Məhkəməsinə Bakı İstintaq Təcridxanasının vəzifəli şəxslərinin təqsirləndirilən şəxslərin hüquqlarını pozan hərəkətlərindən şikayət verilib:

“Ancaq Sabunçu Rayon Məhkəməsinin hakimi Süleyman Agayev şikayəti icraata qəbul etməməklə bağlı qərar qəbul edib. O, vəkilin iyunun 5-də Ə.Muxtarlı ilə görüşə bilməməsini təsdiqləyən sübutların olmadığını deyib. M.Məcidli, S.Əsədli və M.Əsgərlə bağlı qərarda isə qeyd edilib ki, onlara etibarnamə vermiş Ə.Muxtarlının ailə üzvlərinin Ə.Muxtarlı ilə qohum olmasını təsdiqləyən sübutlar yoxdur”.

Sabunçu Rayon Məhkəməsinin qərarı vəkillərə təqdim edilib.

“Məhkəmənin bu qərarı qanunsuzdur. Çünki Ə.Muxtarlını təmsil etdiyimi təsdiqləyən vəkil orderi, eləcə də M.Məcidli, S.Əsədli və M.Əsgərə verilmiş etibarnamənin surəti məhkəməyə təqdim olunub”.

Vəkil avqustun 1-də artıq qərardan şikayət verdiyini bildirib.

Jurnalist Əfqan Muxtarlı mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib.

Jurnalist özü Gürcüstandan oğurlanaraq gətirildiyini, rəsmi qurumlarsa onun sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıldığını bildirir.

Ona Azərbaycan Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə güc tətbiqi, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıq maddələriylə ittiham irəli sürülüb.

Əfqan Muxtarlının Azərbaycana gətirilib həbs edilməsi ilə bağlı Gürcüstanda da cinayət işi açılıb. Bu ölkənin prezidenti jurnalistin xanımını qəbul edərək şikayətlərini dinləyib.

Əfqan Muxtarlının işi Meydan TV-yə qarşı açılmış cinayət işinə birləşdirilib.

Ana səhifəXəbərlərMəhkəmə Əfqan Muxtarlının yaxınlarının şikayətinə baxmağı rədd edib