Hakim gənc fəal barəsində verilən həbs-qətimkan tədbirini qeyri-müəyyən vaxtadək uzadıb
Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində gənc fəal Qiyas İbrahimovun məhkəmə istintaqı başlayıb. Meydan Tv-nin məlumatına görə, Q.İbrahimovun vəkili Elçin Sadıqov vəsatət verərək, müvəkkili barədə seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib.
Hakim Ənvər Seyidov vəsatəti təmin etməyib.
Məhkəmə həbs-qətimkan tədbirinin qeyri-müəyyən müddətədək uzadılması haqda qərar qəbul edib.
Mayın 12-də Xətai rayon Məhkəməsi Q. İbrahimov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. O və digər ictimai fəal Bayram Məmmədov Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələriylə (əvvəlcədən əlbir olan bir qrup şəxsin satış məqsədiylə külli miqdarda narkotik vasitəni saxlama və gəzdirmə) ittiham olunurlar.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovun üzərindən 2,904 qram, evindən 1 kiloqram 150 qram, Q.İbrahimovun üzərindən 2,607 qram, yaşadığı mənzildən isə 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb.
Hər iki gənc fəalın sabiq prezident Heydər Əliyevin abidəsi ətrafında yazılan şüarlara görə saxlanıldığı ehtimal edilir.
Mayın 10-da Heydər Əliyevin Mərkəzi Bankın önündəki heykəlinin ətrafına “Qul bayramınız mübarək” şüarı yazılıb.