Məhkəmə Cavanşir Feyziyevə qarşı iddianı araşdırmaqdan imtina etdi

Bəxtiyar Hacıyev və Cavanşir Feyziyev, Foto: Meydan TV

Bəxtiyar Hacıyev: “Bu məsələ ilə əlaqədar növbəti hüquqi addımları müəyyənləşdirəcəyik”

Səbail Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin deputat Cavanşir Feyziyevə qarşı iddiasını araşdırmaqdan imtina edib. Hakim Azər Tağıyev deputatın Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılması tələbilə xüsusi ittiham qaydasında qaldırılmış iddianın geri qaytarılması barədə qərar qəbul edib.

Bəxtiyar Hacıyev deputat Cavanşir Feyziyevi onun “Facebook” səhifəsində yazılanlara görə məhkəməyə verib. Deputatın ad-soyadıyla eyni olan “Facebook” səhifəsində Feyziyevlər ailəsinə aid milyonlarla vəsaitin Londonda müsadirə olunması haqda yazan jurnalistlərin, bu mövzuda müzakirə aparan ictimai-siyasi müzakirələr aparan ictimai-siyasi fəalların ünvanına kəskin fikirlər yazılıb.

Fevralın 17-də məhkəmənin hazırlıq iclasında deputat özü iştirak etməyib. Vəkili isə bildirib ki, həmin yazının yayıldığı “Cavanşir Feyziyev” səhifəsi əslində, deputata aid deyil. Yəni o yazını Feyziyev yazmayıb.

Bəxtiyar Hacıyev xatırladıb ki, axı deputat özü belə bir açıqlama verməyib, həmin səhifənin ona məxsus olmadığını deməyib. Əksinə, özü sonradan da həmin səhifədən açıqlamalar yaymaqda davam edib. Hətta Mətbuat Şurasının İdarə Heyətindən istefa verməsini də o səhifədən açıqlayıb: “Əgər o yazı Cavanşir Feyziyevə məxsus deyilsə, niyə bu günə qədər təkzib verməyib?”

Qısa müşavirədən sonra hakim Azər Tağıyev iddianın icraata götürülmədiyini, geri qaytarıldığını açıqlayıb. Hakim bildirib ki, hansı səbəbdən geri qaytarılması isə qərardadda göstəriləcək.

Bəxtiyar Hacıyev Meydan TV-yə bildirib ki, hakimin göstərdiyi əsaslardan asılı olaraq, bu məsələ ilə əlaqədar növbəti hüquqi addımları müəyyənləşdirəcək. Amma istənilən halda, prosesi davam etdirəcək.

Ana səhifəSiyasətMəhkəmə Cavanşir Feyziyevə qarşı iddianı araşdırmaqdan imtina etdi