Vəkil: ”Bu, ölkə tarixində borca görə həbsin ilk ləğvidir”
Oktyabrın 25-də Bakı Apelyasiya Məhkəməsində “Atabank”ın sifarişi ilə borca görə həbs edilən zamin Lalə Bunyatovanın şikayətinə baxılıb. Şikayət Sabunçu rayon Məhkəməsinin barəsində çıxardığı həbs qərarından verilib. İşə baxan hakim Mirzəli Abbasov Lalə Bunyatovanı məhkəmə zalından azadlığa buraxıb.
Meydan TV-yə məlumatı Lalə Bunyatovanın vəkili Əkrəm Həsənov verib. Bildirib ki, hakim Sabunçu rayon Məhkəməsinin həbs qərarında araşdırmanın düzgün aparılmadığı qənaətinə gəlib:
“Bu, ölkə tarixində borca görə həbsin ilk ləğvi oldu. Hamını təbrik edirəm. Barbar deyil, sivil cəmiyyət olduğumuzu sübut etmək üzrəyik”.
Lalə Bunyatova oktyabrın 20-də Sabunçu rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə
həbs edilmişdi
. Səbəb bankdan pul götürməsi üçün zamin durduğu şəxsin borcunu ödəməməsidir. Qərarı məhkəmənin hakimi Süleyman Ağayev vermişdi.
Əkrəm Həsənov deyir ki, “Atabank”a 8 min 701 manat borcu olan şəxsin özünü tapa bilməyiblər. Ona görə də zamin duran şəxsi həbs ediblər:
“Qərarda bildirilirdi ki, işsiz zamin üzrsüz səbəbdən borcu ödəmir. Halbuki işsiz şəxsin borcu ödəməsi mümkün deyil. Burada vətəndaşın hər hansı təqsirindən söhbət gedə bilməz”.
Hazırda Azərbaycanda 31 bank fəaliyyət göstərir. Sentyabrın 1-ə olan məlumata görə, onların 5 milyon 720 min 291 nəfər müştərisi var. Müştərilərin 2 milyon 428 min 32-nin banklarda kredit hesabı var. Onların banklara olan vaxtı keçmiş borcları 1 milyard 824 milyon manatı ötüb. Bu da cəmi kredit qoyuluşunda 15 faizə çatıb.
İqtisadçı, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu deyir ki, bu, o deməkdir ki, borc problemi ölkədə qalan hər 3 nəfərdən birini narahat edir:
“Onların da 15 faizinin borc problemi ya məhkəmədə, ya da məhkəmə qərarlarının icrası strukturlarında “rüşvətlə çözülür”. Son məlumatlara görə, vaxtı keçmiş borclar bankların kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatından (1 milyard 635 milyon 700 min manatdan) çoxdur. Deməli, vaxtı keçmiş kreditlər üzrə bocların həcmi qırmızı xətti keçib. Əslində isə borcların həcmi çoxdan böhranlı səviyyədədir”.