Rəşad Məmmədov: ”Azər Əsgərovun mənim verdiyim maaşa ehtiyacı olmayıb”
İyunun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Prosesi izləyən Meydan TV əməkdaşının məlumatına görə, iclasa hakim Əlövsət Abbasov sədrlik edib. Prosesdə 10-dan çox şahid dindirilib. Şahid qismində dindirilən Kamran Əliyev istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirib ki, idarədə sürücü kimi işləyib və Rəşad Məmmədovu ilk dəfə məhkəmədə görürür. Elza Zamanova adlı şəxs isə idarədə xadimə işlədiyini deyib və istintaqa verdiyi ifadəsini təsdiq edib.
Seymur Hacıyev adlı şahid müdafiə mühəndisi vəzifəsində işlədiyini, 250 manat maaş aldığını deyib. Şahid Xuraman Qasımova ifadəsində bildirib ki, Rəşad Məmmədov onun bacısının küərkənidir. O, kompeksdə baş mühasib kimi işlədiyini deyib: “Maaşım əvvəllər 640 manat, sonra 750 manat olub. Əmək haqqımı kartla almışam. Lakin tabelə qol çəkməmişəm. Çünki mənə “qol çək” deməmişdirlər”.
Hakim Əlövsət Abbasov bildirib ki, onun işlədiyi müddət ərzində ümumi olaraq 54 min manat əmək haqqını qanunsuz alması ilə bağlı Rəşad Məmmədova ittiham verilib. X.Qasımova isə bunu təkzib edib. Bildirib ki, ona tapşılan işi yerinə yetirib, əziyyət çəkib, haqqını alıb.
Daha sonra prosesdə şahid qismində Roza Vəliyeva ifadə verib. O bildirib ki, Beynəlxalq Əlaqələr Şöbəsində sektor müdiri, daha sonra mətbuat katibi işləyib. Hakim bildirib ki, onun 29 min manatdan çox əmək haqqını qanunsuz olaraq alması barədə R.Məmmədova ittiham verilib. Şahid ayda 450 manat maaş aldığını deyib. Maksim İslamov adlı şahid isə Rəşad Məmmədovun sürücüsü olduğunu, 200-300 manat civarında maaş aldığını deyib. O, sürücülükdən əlavə mexanik vəzifəsində də çalışdığını söyləyib. Azər Əsgərov adlı şahid isə Rəşad Məmmədovun qohumu olduğunu deyib. Bildirib ki, ərazidə gedən tikinti işlərinə nəzarət edib. O, istintaqa verdiyi ifadəni təsdiq edib. Hakim bildirib ki, onun 29 min manat əmək haqqını qanunsuz olaraq alması barədə R. Məmmədova ittiham verilib. Şahid isə orada pula görə işləmədiyini, işləyib əziyyət çəkdiklərini deyib: ““Cristal Hall2 tikiləndə elə olurdu gecə də evə getmirdik, maşında yatırdıq. İndi bizə 29 min manatı çox görürsünüz?”
Rəşad Məmmədov isə bildirib ki, Azər Əsgərovun onun verdiyi maaşa ehtiyacı olmayıb: “Azərin şirkəti var. 3 min adam çalışır. Adi fəhləyə 700-800 manat maaş verir. Onu çağırmışdım ki, mənə kömək etsin. O olmasaydı, mən həmin işləri görə bilməzdim”. Daha sonra prosesdə Elza Zamanova, Seymur Hacıyev, Kəmalə Xalıqova, Almaz Hacıyeva, Tofiq Ağayev ifadə veriblər. Onlar istintaq zamanı verdikləri ifadələri təsdiq ediblər. Aydın İsmayılov adlı şahid Rəşad Məmmədovun köməkçisi olduğunu, əvvəllər polis zabiti işlədiyini deyib. O, istintaq zamanı verdiyi ifadəsində Aynurə Ağayeva adlı qadını Rəşad Məmmədovun tapşırığı ilə işə götürdüyünü, lakin həmin qadının işə gəlmədiyini desə də, məhkəmə zamanı həmin ifadədən imtina edib.
Daha sonra prosesdə Rəşad Məmmədovun vəkili Akif Əlizadə, İsfənsdiyar İsfəndiyarovun vəkili İradə Cavadova müdafiə etdikləri şəxslərin barələrində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətlə çıxış ediblər. Lakin məhkəmə vəsatəti təmin etməyib. Hakim bildirib ki, Rəşad Məmmədovun həyat yoldaşı Səbinə Məmmədova teleqram göndərərək, ifadə verməkdən imtina edib.
Proses iyunun20-də davam etdiriləcək.
Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədri Rəşad Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov həbs edilib. Dələduzluqda təqsirləndirilən həmin şəxslərin barələrində həbs-qətimkan tədbiri seçilib. Bir müddət əvvəl həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Zabil Salmanov ərizə ilə istintaq orqanına müraciət edib və təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin olmadığını bildirib. Martın 4-də A.Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə Səbail rayon Məhkəməsinə etdiyi müraciətə baxılıb. Müraciətdə o, həyat yoldaşının ağır xəstəlikdən əziyyət çəkdiyini qeyd edib. Səbail rayon Məhkəməsi onun xahişini nəzərə alıb və barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişdirib. Ondan başqa yerə getməmə haqqında iltizam alınıb və azadlığa buraxılıb.