Məhkəmə azyaşlıya təcavüzdə şübhəli bilinən şəxsi həbsdə saxladı

Source: Meydan.tv

Əsgər Ağazadə ilə bağlı qərar qüvvədə qaldı

Yazar Zümrüd Yağmurun qızı Sənaya təcavüz etməkdə suçlanan Əsgər Ağazadə həbsdə saxlanılıb.
Oktyabrın 28-də Bakı Apelyasiya Məhkəməsi bu qərarı çıxarıb.


Əsgər Ağazadə Binəqədi Rayon Məhkəməsinin oktyabrın 21-də barəsində çıxardığı 4 aylıq həbs qətimkan tədbirindən apelyasiya şikayəti verib.

Zümrüd Yağmur məhkəmə ilə bağlı Meydan TV-yə bildirib ki, qarşı tərəfin üç vəkili var və onlar həbs qətimkan tədbirinin dəyişdirilməsinə çalışırlar:


“Yəqin bundan sonrakı addımları onun ev dustaqlığına buraxılması üçün müraciət olacaq. Vəkillər tutarlı müdafiə qura bilməsələr də, hüququn verdiyi səlahiyyətlərdən istifadə edirlər. Eynilə mən və vəkilim də Azərbayan Respublikası qanunlarının bizə verdiyi səlahiyyətlərdən istifadə edib, cinayətdə təqsirləndirilən şəxsin məhkəmə qarşısına çıxarılmasını və onun istintaq müddəti həbsdə qalmasının təmin olunmasına çalışacağıq”.


Ana bildirir ki, Əsgər Ağazadənin valideynləri efirə çıxıb istintaqa təsir edəcək bəzi məlumatlar veriblər:
“Məsələn, bizə aid olduğu iddia edilən görüntülər yayıblar. Bu, o deməkdir ki, bu adamlar bizi izləyirlər. Düzünə qalsa, o video heç onların dediyi tarixə də aid deyil. Biz o görüntülərin də araşdırılmasını tələb edəcəyik. Bütün bunlar göstərir ki, bizim təhlükəsizliyimizin təminatı yoxdur, onlar bizi izləyir. Bu baxımdan mən Əsgər Ağazadənin ev dustaqlığına belə buraxılmasını özümüzə qarşı təhlükə hesab edirəm”.
Əsgər Ağazadəyə Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


O, oktyabrın 19-da şübhəli şəxs qismində saxlanılıb.


Ondan əvvəl isə, oktyabrın 13-də yazar Zümrüd Yağmur mətbuat konfransı keçirərək qızı Sənay Yağmurun 1 il əvvəl cinsi zorakılığa məruz qaldığını açıqlayıb.


O deyib ki, ona bu zorakılığı edən bacısı oğlu Əsgər Ağazadədir.


Yazarın sözlərinə görə, ekspertiza rəylərində Sənayın paltarındakı biomaterialların Əsgər Ağazadəyə məxsus olduğu göstərilsə də, indiyədək o həbs olunmayıb: “Hadisə günü Əsgər Ağazadə Sənayın içkisinə narkotik vasitə qatıb və huşsuz halda ona qarşı zorakılıq edib”.


Faktla bağlı Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsilə cinayət işi başlanıb. Ancaq Yasamal Rayon Prokurorluğu Əsgər Ağazadənin məsuliyyətə cəlb edilməsilə bağlı yetərli dəlillərin olmadığını bildirərək cinayət işi üzrə icraata 2 dəfə xitam verib.


“Əsgər Ağazadə cinayət işində, sadəcə, şahid qismində dindirilib”, – Zümrüd Yağmur deyib.


Oktyabrın 18-də isə Baş Prokurorluq Meydan TV-nin sorğusuna cavab olaraq bildirib ki, Sənay Yağmurun cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal Rayon Prokurorluğunda başlanmış cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə istintaqın davam etdirilməsi istintaq idarəsinə həvalə edilib.


Hazırda həbsdə olan Əsgər Ağazadənin valideynləri Müsavat TV-yə çıxaraq övladlarının günahsız olduğunu və şərləndiyini bildiriblər.

Ana səhifəSosialMəhkəmə azyaşlıya təcavüzdə şübhəli bilinən şəxsi həbsdə saxladı