Məhkəmə “Azadlıq” qəzetinin şikayətini qəbul etməyib

Vəkil: “İş inzibati-iqtisadi məhkəmədə davam etdiriləcək”

Source:

Azadlıq qəzeti

Vəkil: “İş inzibati-iqtisadi məhkəmədə davam etdiriləcək”

Fevralın 9-u Bakı Apelyasiya Məhkəməsi “Azadlıq” qəzeti, “Azadlıq.info” MMC və “azadlıq.info” saytının vergi yoxlamasına cəlb edilməsindən verilən şikayəti qəbul etməyib.

Məlumatı azadlıq.info  yayıb.

Məhkəmə iclası qapalı keçirilib.Qəzeti məhkəmədə təmsil edən nümayəndə Səməd Rəhimli bildirib ki, Baş Prokurorun birinci müavini Rüstəm Usubovun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədovun vəsatəti ilə verdiyi təqdimat əsasında Nəsimi Rayon Məhkəməsi qəzetin və saytın vergi yoxlamasına cəlb olunması barədə 18 noyabr 2016-cı il tarixdə qərar qəbul edib. Məhkəmə həmin qərardan verilən apelyasiya şikayətini qəbul etməyib:

“Faiq Əmirlinin “Azadlıq” qəzetinin, “Azadlıq.info” MMC-nin əməkdaşı olmasına baxmayaraq, onun barəsində Cinayət Məcəlləsinin 168.1-ci və 283.2.2-ci maddələri ilə cinayət işi başlanıb. Bu cinayət əməlləri vergi hüquq pozulmaları ilə bağlı deyil. “Azadlıq” qəzeti və “Azadlıq.info” MMC-də aparılmış vergi yoxlamasının hazırki cinayət işinə heç bir aidiyyatı yoxdur. Bizim ilkin əsaslandırmamız bundan ibarət idi”.

Vəkil bildirib ki, istintaq orqanı həmin iki maddə ilə başlanmış cinayət işi üzrə vergi yoxlamasının aparılmasının vacibliyini əsaslandırmayıb:

“Məhkəmə qərarı əsasında vergi yoxlaması olsa belə, vergi qanunvericiliyinə görə, qəzetin maksimum son 3 illik fəaliyyəti yoxlana bilər. Lakin Nəsimi Rayon Məhkəməsinin qərarı ilə vergi yoxlaması 2010-cu ildən 2016-cı ilədək olan dövrü əhatə edir. Əgər bu qərarla vergi orqanına yoxlama imkanı verilsə, onun səyyar vergi yoxlaması üzrə müddətə dair səlahiyyətləri aşılmış olacaq”.

S.Rəhimli deyir ki, F.Əmirliyə verilmiş ittihamların vergi hüquq pozuntusu ilə əlaqəli olmaması və vergi orqanına verilmiş yoxlama səlahiyyətinin qanuni müddətləri aşmasına görə hesab edirik ki, vəsatət əsassız olduğu üçün təmin olunmamalı və vergi yoxlamasına dair qərar ləğv edilməli idi:

“Lakin Apelyasiya Məhkəməsi şikayəti təmin etmədi. Məhkəmənin şikayəti hansı əsasla təmin etməməsini qərarı aldıqdan sonra biləcəyik”.

Hüquqşünas bundan sonra işin vergi yoxlamasına dair vergi orqanının qərarlarından “Azadlıq” qəzeti və “Azadlıq.info” MMC tərəfindən verilmiş iddia ərizəsi üzrə inzibati-iqtisadi məhkəməsində davam etdiriləcəyini deyib.

Ana səhifəXəbərlərMəhkəmə “Azadlıq” qəzetinin şikayətini qəbul etməyib