Jurnalist atasının ölümünə səbəb olan şəxsə verilən cəzadan razı deyil
Nərimanov Rayon Məhkəməsində bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) əməkdaşı Seymur Qarayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilən hökmə əsasən, Seymur Qarayev 4 il 11 ay müddətinə azadlıqdan məhrum edilib.
Onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib.
Belə ki, Seymur Qarayev həbs edilməyib. O, cəzasının məntəqə tipli cəza çəkmə müəssisəsində çəkəcək.
Qəzadan sonra 504 gün komada qalaraq dünyasını dəyişən Əli Əliyevin oğlu jurnalist İmdad Əlizadənin 166 min manat mülki iddiası qismən təmin edilib. Hakim maddi ziyana görə 20 min manat, mənəvi zərərə görə isə 3 min manat təqsirləndirilən şəxsdən tutularaq İmdad Əlizadəyə verilməsi ilə bağlı qərar çıxardıb.
İmdad Əlizadə məhkəmənin hökmü ilə razı olmadığını və apelyasiya şikayəti verəcəyini bildirib.
Ötən proses prokuror çıxış edərək S.Qarayevin 3 il sürücülükdən məhrum olunmaqla 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini, barəsində həbs qətimkan tədbirinin seçilməsini, zərərçəkmiş şəxslərin mülki iddiasının təmin olunması istəyib.
Prokuror həmçinin Seymur Qarayevin cəzasının ümümi rejimdə çəkməsini istəyib.
S.Qarayev Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma maddələri ilə ittiham olunub.
İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.
Hadisə 2016-cı ilin fevral ayının 14-də baş verib. Qəza nəticəsində Ə.Əliyev 504 gün komada qaldıqdan sonra 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.
Ə.Əliyev erməni işğalı nəticəsində ata-baba yurdundan didərgin düşmüş ziyalılardan biri olub. O, 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib. Ə.Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Ə.Əliyev və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən “54 gün erməni mühasirəsində” kitabının müəllifidir. Kitabın əsasın, eyni adda sənədli film çəkilib.
Ə.Əliyev altı övlad böyüdüb. Tanınmış jurnalist İmdad Əlizadənin atasıdır.