Məhkəmə apelyasiya şikayətlərini və protesti təmin etmədi

Hakim oğlunun ölümünə səbəb olan sürücünün barəsindəki hökm qüvvədə qaldı

Source:


Hakim oğlunun ölümünə səbəb olan sürücünün barəsindəki hökm qüvvədə qaldı

Mayın 11-də Bakı Apelyasiya Məhkəməsində Rüfət Allahverdiyevi avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Rəhim Kərimovun barəsində olan hökmdən verilən apelyasiya protesti və apelyasiya şikayətləri üzrə məhkəmə iclası yekunlaşıb.

R.Allahverdiyev Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğludur.

Meydan TV-nin məlumatına görə, hakim Əflatun Qasımovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara görə, prokurorun verdiyi apelyasiya protesti, təqsirləndirilən şəxsin verdiyi apelyasiya şikayəti və zərərçəkmiş tərəfin verdiyi apelyasiya şikayəti təmin edilməyib. R. Kərimov barəsində olan hökm qüvvəsində saxlanılıb.

Hadisə ötən ilin may ayının 11-də saat 03:00 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib. Bakı şəhər sakini R.Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobil piyada R.Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. R.Allahverdiyev mayın 12-də orada ölüb.

Hadisədən sonra R.Kərimov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

19 yaşlı R.Allahverdiyev Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi olub. Hadisəni törədən şəxs R.Kərimovun atası Yüzarsif Kərimov Respublika Kliniki Xəstəxananın baş həkimi vəzifəsində çalışıb.

Bundan başqa, E.Allahverdiyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə keçirilən məhkəmədə hakimdir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Kərimov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan prokuror apelyasiya protesti, təqsirləndirilən şəxs isə apelyasiya şikayəti veriblər. Bundan başqa, zərərçəkmiş tərəf də apelyasiya şikayəti verib. Prokuror və zərərçəkmiş onun cəzasının artırılmasını, təqsirləndirilən isə cəzasının azaldılmasını istəyib.

Ana səhifəXəbərlərMəhkəmə apelyasiya şikayətlərini və protesti təmin etmədi