”Bu qədər neft və qaz gəlirlərindən sonra da borcumuz artacaqdısa, o zaman resurs üstünlüyümüz nədə ifadə olundu?”
“SOCAR dünyanın aparıcı bankları ilə kreditləşmə əməliyyatları həyata keçirir”.
Bunu SOCAR rəhbərliyinin ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşündə dövlət şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti Suleyman Qasımov bildirib.
Onun sözlərinə görə, bu, beynəlxalq maliyyə institutlarının SOCAR-a olan inamının və etibarının göstəricisidir: “Bu gün bu banklar və maliyyə institutları SOCAR-a çox aşağı faizlərlə kreditlər ayırır. Biz özümüz də çalışırıq ki, bu kreditlər uzunmüddətli olmasın. Bu səbəbdən son zamanlar biz banklardan maksimum 5 faiz olmaqla, 5 illik kredit alırıq”.
Vitse-prezident əlavə edib ki, SOCAR borclanmaya meylli deyil və bu səbəbdən daxili mənbələrdən kredit cəlb etməyə çalışır. “Məsələn, daxili mənbə kimi, SOCAR Azərbaycan Beynəlxalq Bankından 1,2 milyard dollar həcmində kredit alıb”, – deyə o bildirib (
APA
).
Suleyman Qasımovun söylədiklərini Meydan TV-yə şərh edən iqtisadçı Məhəmməd Talıblı bildirib ki, SOCAR-ın borclanması əsasən bir çox meqalayihənin həyata keçirməsi ilə bağlıdır: “Meqalayihələr əsasən 2 istiqamətdə həyata keçirilir. Biri Cənubi Qafqaz Dəhlizi üzrəydi, bura Şahdəniz-2, Cənubi Qafqaz boru kəmərinin genişlənməsi, TAP, TANAP layihələri daxildir. İkinci, Türkiyədə həyata keçirilən layihələr üzrədir, bura isə PETKİM, PETLİM, STAR və bir neçə digər layihələr daxildir. Bütün bunlar SOCAR-ın əlavə kredit resurslarından istifadəsini şərtləndirir. Mən həmin görüşdə vətəndaş cəmiyyəti insitutunun təmsilçisi olaraq bildirdim ki, “Əsrin kontraktı” imzalanan zaman bizim dövlət və milli neft şirkəti olaraq borcumuz indikindən dəfələrlə az idi. Bu qədər neft və qaz gəlirlərindən sonra da borcumuz artacaqdısa, o zaman resurs üstünlüyümüz nədə ifadə olundu? Başa düşürəm ki, investisiya cəlb etmək və ya kredit götürmək inkişaf üçün əsasdır. Belə deyək ki, 4 istehsal faktorundan ən əsasıdır. Amma bütün bunlar ona görə baş verməlidir ki, rentabellik yüksək olsun. Əslində, mən düşünürəm ki, SOCAR elə bir inkişaf səviyyəsinə malik olmalı idi ki, indi nəinki hansısa maliyyə qurumlarından kredit götürsün, əksinə, özü həm kreditor funksiyasına malik olsun. Əksər layihələrinin əsas donoru kimi SOCAR-ın daxili rezervləri dursun. O ki qaldı istənilən qurumun ictimaiyyətə açıq və hesabatlı olmasına, bu, olduqca yaxşı haldır. İctimaiyyət üçün əlçatan olmaq lazımdır. Yəni, biz SOCAR-ın hesabatlarını və saytındakı məlumatları oxuyanda bilməliyik ki, illər üzrə aldığı borclar, həyata keçirdiyi layihələr və onun səmərəsi hansı səviyyədə olub”.