Samir Əliyev: “Büdcə əmanətçilərə möhtac qalıb”
“Bir qədər əvvəl əmanət faizlərinə tətbiq edilən güzəştin müddətinin ən azı 1 il uzadılmasının vacibliyini qeyd etmişdik. Ancaq görünür hökumət fikrində qətidir. Hətta bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi hazırlanaraq parlamentə təqdim edilib”.
Bu sözləri iqtisadçı Samir Əliyev bank əmanətləri faizlərinə edilən güzəştlərin ləğvinə münasibətini açıqlayarkən deyib. Sosial şəbəkədə mövqeyini açıqlayan iqtisadçının sözlərinə görə, məcəlləyə təklif edilmiş dəyişikliyə əsasən, bundan sonra yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin ancaq 500 manatadək olan hissəsi vergidən azad olunacaq: “Layihə olduğu kimi qəbul olunsa, bu halda orta hesabla 5000 manatdan yuxarı olan (illik 10%-lə cəlb edilmiş) bütün əmanətlər vergiyə cəlb ediləcək. Əmanətin illik faizi azaldıqca, vergiyə cəlb edilməyən əmanətin həcmi də artacaq və ya əksinə. Məsələn, illik 9%-lə 5555 manat, 8%-lə 6250 manat məbləğində güzəştli əmanət qoya biləcəklər. İllik faiz dərəcəsi 11-ə qalxdıqda isə güzəştli əmanətin məbləği 4545-ə qədər azalacaq”.
Vacib nüans
Samir Əliyev deyir ki, burada əmanətçilərin 2 nüansa diqqət yetirməsi çox vacibdir: “Birincisi, göründüyü kimi, söhbət konkret olaraq bir banka yatırılmış əmanətdən gedir. Əmanətçi vergi ödəməmək üçün əmanətlərini bir neçə hissəyə bölməklə müxtəlif banklarda yerləşdirə bilər. Və ya ailə üzvlərinin adlarına keçirə bilər. Bu, ailə əmanətlərin inkişafını stimullaşdıracaq. İkinci nüans faizin vergiyə cəlb olunan hissəsi ilə bağlıdır. Əgər əmanətçi banka illik 10%-lə 10 min manat yatırıbsa, bu halda onun gəliri 1000 manat olacaq və deməli, ödəyəcəyi vergi məbləği 50 manat ((1000 AZN – 500 AZN) x 10%) olacaq.
Hazırda ölkə üzrə əmanət qoyuluşunun həcmi 7 milyard manatdan çoxdur. Orta illik faiz dərəcəsi isə 10 faizə yaxındır. Deməli, söhbət 70 milyon manat vəsaitdən gedir. Güzəşt davam etsəydi, hökumət bu qədər vəsaiti əmanətçilərə hədiyyə etməli idi. Ancaq neftin ucuzlaşması fonunda neft gəlirlərinin azalması büdcənin icrasında problemlər yarada bilər. Bunları önləmək üçün hökumət vergi mənbələrini artırmağa başlayıb ki, onlardan biri də əmanətlərə vergi tətbiqinin bərpasıdır”.
“Əmanət bazarının təxminən yarısı ölkənin 5 iri bankının payına düşür”
İqtisadçının fikrincə, əmanətlərin həcminə görə strukturu açıqlanmadığından yeni güzəşt sisteminin tətbiqindən büdcənin nə qədər qazanacağını söyləmək çətindir: “Hər bir halda bu, 70 milyon manatdan az olacaq və xeyli əmanətçinin gəlirlərinə toxunacaq. 2015-ci ilin dövlət büdcəsində dividendlərdən, faizlərdən və icarədən gəlir vergisi 81 milyon manat artımla proqnozlaşdırılıb. Böyük ehtimalla bu artımın təxminən yarısı əmanətçilərin hesabına örtüləcək”.
Samir Əliyev deyir ki, yeni güzəşt mexanizminin bank sistemi üçün yeganə üstünlüyü əmanət bazarında təmərküzləşmənin azaldılması olacaq: “Hazırda əmanət bazarının təxminən yarısı ölkənin 5 iri bankının payına düşür. Yerdə qalan yarısına isə 39 bank nəzarət edir. Vergi güzəştinə düşmək üçün əmanətçilər vəsaitlərini banklar arasında bölməli olacaqlar ki, bu da vəsaitlərin bərabər paylanmasını stimullaşdıracaq.
Ancaq bu addım Mərkəzi Bankın 2015-ci ildə kredit faizlərinin aşağı salınması ilə bağlı qarşısına qoyduğu məqsədə çatması təşəbbüsünə ziddir. Çünki yeni sistem bazarda əmanət faizlərinin artımına gətirib çıxaracaq. Əmanətçini itirməmək və ödənilməli olan vergi məbləğini kompensasiya etmək üçün bank faiz dərəcəsini qaldırmalı olacaq. Bu isə əmanətlərin bahalaşmasını şərtləndirəcək. Deməli, bu il kreditlərin ucuzlaşmasını gözləmək tezdir”.
“Bu, hüquqi tənzimləmə deyil, kobud qanun pozuntusudur”
İqtisadçı Məhəmməd Talıblı da hesab edir ki, bank hesablarından vergi tutulmazdan öncə bu barədə vətəndaşlara məlumat verilməli idi: “Banklarda əmanətləri olan vətəndaşların gəlirlərindən (bu dividend deyil) 10 faizi həddində vergi tutublar. Özü də bu müqavilə şərtlərinə uyğun olmadan və müştəriləri öncədən xəbardar etmədən. Müştərilər özlərinin əmanətlərini banka yerləşdirəndə onlarla müqavilə şərtləri necə bağlanıbsa, əmanətləri müqabilində də həmin faiz həddində gəlirləri olmalıdır. Bir anlığa əksin təsəvvür edin. Əmanətlərdən gəliriniz müqabilində 10 faizlik vergi tutulacağını bildiyiniz halda, ilin sonunda banklar(vergi orqanları) bundan imtina edir. Təsəvvür edə bildinizmi? Eyni situasiyadır. Amma indi bu “xeyirxahlığı” siz etmirsiz, sizə edirlər”.
İqtisadçının sözlərinə görə, bu, hüquqi tənzimləmə deyil, açıq-aydın istismar və kobud qanun pozuntusudur: “Banklar bu addımı ilə qanunsuzluq edirlər. Çünki yanvarın 1-dən uzaqbaşı ediləcək dəyişiklik sonrakı dövrə şamil edilərək qüvvəyə minə bilərdi. Hüquqi məntiq tələb edir ki, qanunvericilikdə baş verən dəyişiklərin geriyə qüvvəsi yoxdur. Yəni dəyişiklik keçmişə şamil oluna bilməz. İkincisi, banklar bu qanunsuzluğu özlərinə rəva görə bilirlərsə, deməli, müştərilərin hüquqlarının pozulması istiqamətində bundan da böyük hüquqa zidd davranış nümayiş etdirə bilərlər. Ona görə belə bank insitutlarına əmanətinizi etibar etməyi də məsləhət bilməzdim. O banklar ki, 8-10 faizə əmanətləri qəbul edib, həmin aktivləri 26-34 faizlə yenidən digər vətəndaşlarımıza satır. Bu, normal bank fəaliyyəti deyil, soyğunçuluqdur. Özünüzü kreditorların istismarından qoruyun!