Məhəmməd Talıblı: FED-in qərarı bazarda oynayanlar üçün təsirsiz ötüşə bilməz

”SOCAR-ın və ya ARDNF-nun aktivləri MDB yox, avrozonada yerləşdirilsəydi, ondan daha böyük itki və ya daha çox dividend əldə oluna bilərdi”

Source:
Məhəmməd Talıblı
Məhəmməd Talıblı


”SOCAR-ın və ya ARDNF-nun aktivləri MDB yox, avrozonada yerləşdirilsəydi, ondan daha böyük itki və ya daha çox dividend əldə oluna bilərdi”

ABŞ-da məşğulluqla bağlı açıqlanan statistikadan sonra Federal Ehtiyatlar Sisteminin (FED) iyunda keçiriləcək iclasında uçot dərəcəsinin artırılmaması ilə bağlı investorların narahatlığına son qoyulub ki, bu da Rusiya və MDB ölkələrinin suveren istiqrazlarının gəlirliliyinə təsir edib.

APA xəbər verir ki, Azərbaycanın buraxdığı uzunmüddətli istiqrazların gəlirliliyi 7 bənd azalıb.

SOCAR-ın buraxdığı istiqrazların gəlirliliyi 14-17 bənd, “Cənub Qaz Dəhlizi” QSC-nin buraxdığı qiymətli kağızların gəlirliliyi isə 13 bənd azalıb.

Ötən həftənin cümə günü açıqlanan rəsmi statistikaya əsasən, mayda ABŞ iqtisadiyyatında (aqrar sektoru nəzərə almasaq) 38 min yeni iş yeri açılıb. Halbuki, proqnozlar 164 min yeni iş yerinin açılması üzərində qurulmuşdu. Bu, 5,5 illik antirekorddur.

Sözügedən statistika açıqlanandan sonra Federal Ehtiyatlar Sisteminin (FED) iyunun 14-15-də baş tutacaq iclasında uçot dərəcəsinin artırılması ehtimalı az qala heçə enib.

Qeyd olunanları Meydan TV-yə şərh edən iqtisadçı Məhəmməd Talıblı hesab edir ki, FED-in uçot stavkası ilə bağlı qərarı təkcə maliyyə bazarına deyil, qeyri-maliyyə bazarlarına da mühüm təsir göstərir: “Xüsusilə MDB bazarında investorların davranışlarına da təsir göstərə bilir. ABŞ dollarının digər valyutalar qarşısında dəyər qazanması, eyni zamanda, qiymətli kağızlar bazarında dalğalanmalara səbəb ola bilər”.

Onun fikrincə, MDB-nin qiymətli kağızlar bazarında müxtəlif alətlərdən istifadə edənlər və bazarda oynayanlar üçün bu təsirsiz ötüşə bilməz: “Bu ona görə baş verir ki, valyutanın dəyərinin digər bazarlara və coğrafiyalara təsirləri istisna olunmur. Ola bilsin ki, SOCAR-ın və ya ARDNF-nun aktivləri MDB yox, avrozonada yerləşdirilsəydi, ondan daha böyük itki və ya daha çox dividend əldə oluna bilərdi. Bu bazarların konyukturasından və təsirlənməsindən asılı olan məqamdır. Fikrimcə, bu ayın sonuna təsirlərin miqyası nisbi formada özünü göstərəcək. Amma indidən nəsə söyləmək bir az tezdir”.

Ana səhifəXəbərlərMəhəmməd Talıblı: FED-in qərarı bazarda oynayanlar üçün təsirsiz ötüşə bilməz