Məhəmməd Əmin Rəsulzadə mükafatı təqdim olundu

Mənbə: AYP

AYP Müstəqillik Günü ilə bağlı tədbir keçirib

“Putinə demək lazımdır ki, Ermənistan və Azərbaycan arasında ilk müharibə 1920-ci ildə baş verib”.

Bu fikri professor Nəsib Nəsibli mayın 27-də Azərbaycan Yüksəliş Partiyasının 28 May – Müstəqillik Günü ilə əlaqədar “Hürriyyət havasını tənəffüs edək!” adlı bayram tədbirində səsləndirib.

Nəsib Nəsiblinin sözlərinə görə, Ermənistan və Azərbaycan arasında tarixdə ilk müharibə 66 günlük savaşdır.

Professor qeyd edib ki, bu faktı gözardı etmək olmaz və Ermənistan ilə Azərbaycan arasındakı müharibənin tarixini 1988-ci ildən götürmək böyük yanlışdır:

“Biz münaqişənin tarixini 1988-ci ildən götürdüyümüz üçün Vladimir Putin deyir ki, Qarabağ müharibəsi Sumqayıt hadisələrinə görə baş verib. Ona görə də tarixi faktlara toxunmaq lazımdır. 102 il öncə, 19 fevral 1920-ci ildə Qarabağ istiqamətində Ermənistan ordusu hücüm edib və 66 günlük müharibədən sonra məğlub olaraq geri çəkiliblər”.

Bakı Avrasiya Universitetinin professoru, tarixçi alim Ədalət Tahirzadə sabiq təhsil naziri Misir Mərdanovla birgə kitab üzərində işlədiyini xatırladaraq əlavə edib ki, kitab 1920-ci ilə kimi çar məktəblələrində ali təhsilə yiyələnmiş azərbaycanlılar haqqındadır.

Mənbə: AYP

O, kitabın 8 cildinin artıq hazır olduğunu deyib:

“Son 2 cildin hazırlanması davam edir”.

Tarix üzrə dosent Firdovsiyyə Əhmədova isə “Azərbaycan Xalq Cümhuriyyətinin varlığını şərtləndirən geosiyasi amillər” mövzusunda məruzə edib. O, ötən əsrin ikinci onilliyində regiondakı siyasi hadisələrə toxunub.

Tədbirin bədii hissəsindən əvvəl bu il Azərbaycan Yüksəliş Partiyası tərəfindən təsis edilmiş Məhəmməd Əmin Rəsulzadə mükafatının laureatları elan edilib.

Mükafata layiq görülən şəxslərdən dördü vəfat edib, onlar professorlar Şirməmməd Hüseynov və Aydın Balayev, Türkiyədən isə tanınmış ictimai-siyasi şəxslər Sadi Somuncuoğlu və Feyzi Aküzüm olub.

Professor Nəsib Nəsibli, İranda yaşayan azərbaycanlılardan siyasi-ictimai xadim, Azərbaycan Xalq Cümhuriyyəti irsinin təbliğatçısı Hasan Raşidi, Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal da mükafat alanlar sırasındadır .

Məhəməd Əmin Rəsulzadə mükafatı hər il Müstəqillik Günündə Azərbaycan Xalq Cümhuriyyətinin araşdırılması, təbliği və yaşadılmasında xidmət göstərən şəxslərə təqdim olunacaq.

Ana səhifəSiyasətMəhəmməd Əmin Rəsulzadə mükafatı təqdim olundu