Bir ildən çoxdur ki psixologiyanın qadın-kişi münasibətləri sahəsini mənimsəyirəm. “Facebook”da da bacardıqca tez-tez bu münasibətlərdən yazıram. Bildiyim informasiyaları insanlarla bölüşməyi özümə borc bilirəm. Hər zaman aktual olan bu münasibətlər barədə maariflənmək ölkəmizdəki insanlara bu gün hava və su kimi vacibdir. Niyə?
Çünki üzülərək və böyük təəssüflə bildirməliyəm ki, bu gün Azərbaycandakı ailə inistitutu qəzalı vəziyyətə düşüb. Statistikaya görə, hər ay 1000 ailədə boşanma hadisəsi yaşanır. İnsanlar bir-biri ilə yola gedə bilmir. Hörmət və anlayış kimi təməl prinsiplər münasibətə girən həmin şəxslərə yaddır. Bax, o cütlüklərin əksəriyyətində mədəni yanaşmaların heç bir halına rast gəlmək olmur. Sosioloqlar həyəcan təbili çalırlar. Bütün bunlar dəhşət doğurur.
Məhz buna görə bu münasibətləri bacardıqca daha çox öyrənməyə və bilgilərimi paylaşmağa çalışıram. Hətta müraciət edən cütlüklərə fərdi və birgə dəstək vasitəçiliyi də edirəm. Bunu qətiyyən lovğalanmaq və öyünmək kimi qəbul etməyin. Hər bir insanın ümdə missiyası həm də başqalarına yardım etmək və bildiyi yaxşı məlumatları paylaşmaqdan ibarətdir.
Bu yaxınlarda qadın-kişi münasibəti üzrə bir təlimdə iştirak etdim. Təlimdə iştirak edənlərin 50 faizdən çoxu qadınlar idi. Onu da əlavə edim ki, ümumiyyətlə, qadınlarımızın çoxu kişilərə nisbətən bu sahədə özlərini inkişaf etdirməyə daha çox meyllidilər. Bu da həmçinin təlimdə qadınların fəal iştirakında da özünü aşkar göstərirdi. Hə, bir də, qadınlarımızın getdikcə fəallaşması təqdirəlayiqdir. Haşiyəyə çox çıxmayım. Təlimdə ümumi qadın-kişi münasibətləri və ordakı mənfi hallardan danışıldı. Sonra təlimçilər iştirakçılara belə bir sualla müraciət etdilər:
“Əgər əlinizdə fürsət olsaydı, sevdiyiniz, münasibətdə olduğunuz şəxsdən bir gün ərzində özünü sizinlə necə aparmasını istəyərdiniz? Ondan nələr istəyərdiniz?”
Müxtəlif cavablar səsləndi. Biri daha çox diqqətli olmasını istədi, digəri onu səyahətə aparmasını istəyini dilə gətirdi, bir başqası sərhədsiz seks arzusunu dedi və s.
Təlimə birgə münasibətdə olan cütlüklər gəlmişdi. Elə ən çox diqqətimi çəkən onların bu suala olan cavabları oldu. Onların arasında evli cütlüklər də vardı. Birgə gələn cütlüklərin cavabları mahiyyətcə bir-birinə çox bənzədi. Hətta həmin cavablar məni müəyyən qədər təəccübləndirdi də.
Onların sevgililərindən istədiyi bir günlük şey- MƏHDUDİYYƏTSİZLİK oldu. Bu məhdudiyyətsizliyi bütün sferalarda istədiklərini gizlətmədilər.
Açığı bu cavablar məni çox üzdü. Adam sevgilisinin üzünə baxa-baxa ondan məhdudiyyətsizlik diləyir və qarşı tərəf də heç nə olmamış kimi ağzın ayırıb, üzündə təbəssümlə bu fikirə heç bir reaksiya vermir. Görün bu insanlar bir-birini nə qədər məhdudlaşdırıblar ki, indi bir günlük arzu olaraq məhdudiyyətsiz münasibət istəyirlər.
Nevrotik və psixopatik simptomların daşıyıcıları olan həmin cütlüklər bir-birinə güvənmirlər. Bir-birlərinin telefon yazışmaların yoxlayan insanlardan nə gözləyəsən axı?! Onlar qarşısındakı şəxsə bir növ öz şəxsi mülki kimi baxır və onun azadlıqlarını əlindən alırlar. Bununla düşünürlər ki, sevgililərini qoruyur və onları təhlükəsizlik fazasında saxlayırlar. Amma bu vəziyyət getdikcə bezdirici və disharmonik duruma çevirildiyi üçün sevgililərin həyatındakı rənglər solur və həyat dözülməz hal alır.
Çox vaxt gözəl münasibəti pozan tək şey elə ÖZÜMÜZÜK.. Əvvəlcə münasibəti azad yaşamağı öyrənməliyik. Sonra güvən problemimizi həll etməliyik..
Əslində biz lazımsız məsələlərə aqressiv-emosianal reaksiyalar veririk. Xırda şeyləri böyüdərək, qarışqanı fil edirik. Kənardakıların nə dediyini çox ciddi qəbul edib, onların təsirinə düşürük. Başqalarının həyatına həsəd apararıq. Öz xoşbəxtliyimizin qiymətini bilmədən onu başqalarının xoşbəxtliyi ilə müqayisə edirik… Bir çox şeyə sahib olduğumuz halda, hansısa çatışmazlığa görə özümüzü və yaxınlarımızı incidirik. Şükr etmək əvəzinə, daha çox istəyirik.. Bizim bəyənmədiyimiz həyat, münasibət bəlkə də başqasının xəyalıdır. Bizim xoşbəxt ola bilmədiyimiz həmin səviyyə başqası üçün var-dövlət sayılır. Bizim çürütdüyümüz, şişirtdiyimiz məsələr başqası üçün boş şeydir.
Həyatdan zövq almağı öyrənməliyik. Hər şeyin bir dəyəri, hər ‘an’ın bizə verdiyi müsbət bir mənası və təsiri var… Unutmayaq, xoşbəxt olmaq da ,olmamaq da öz əlimizdədir. Bunun üçün ətrafımızı, əlimizdəki imkanları, insanları yox, öz dünyagörüşümüzü dəyişdirək.