Ombudsman Aparatı məşqçinin aclıq etmək istədiyini təsdiqləyib
AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu, futbol məşqçisi Mehdi İbrahimovun həbsdə aclıq etməsi barədə ailə üzvlərinin yaydığı məlumatı Ombudsman Aparatı da qismən təsdiqləyib. Ombudsman Aparatının bu barədə yaydığı məlumatda bildirilir ki, qurumun əməkdaşları Penitensiar Xidmətin 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsində Mehdi İbrahimovla görüşüb. Görüş zamanı M.İbrahimov onlara aclığa başlayacağını bildirib.
“İstintaqın gedişindən narazılığını əsas göstərərək, yemək qəbulundan imtina edəcəyini bildirib, eyni zamanda, səhhətindən şikayətlənib”, – deyə Ombudsman Aparatının məlumatında bildirilir.
M.İbrahimin digər oğlu Turan İbrahim bildirib ki, qardaşı 5 gündür ki, aclıq edir. Onun sözlərinə görə, iki gün öncə M.İbrahimov ailəsinə zəng edib, cəmi bir dəqiqə danışıb: “Deyib ki, yemək gətirməyin, üç gündür aclıq edirəm”.
T.İbrahim əlavə edib ki, Mehdi həbs olunandan keçən bir ay ərzində ilk dəfə zəng etmişdi.
M.İbrahimovun vəkili Aqil Layıc da bir aya yaxındır ki, müvəkkili ilə görüşə bilmədiyini deyir. Vəkil bildirib ki, M.İbrahimovun aclıq aksiyası keçirməsi barədə ailə üzvlərinin verdiyi məlumatı aydınlaşdırmaq üçün İxtisaslaşmış Müalicə Müəssisəsinə getsə də, yenə görüşə icazə verilməyib: “Hüquqlarını müdafiə etdiyim şəxslə heç cür görüşə bilmirəm. Ailəsinə deyib ki, üç gündür aclıq edirəm, Ombudsman Aparatı isə məlumat yayır ki, hələ aclıq edəcəyini bildirib. Ziddiyyəti aydınlaşdırmaq üçün onun özü ilə görüşməliyəm. Buna da imkan verilmir”.
Ombudsman Aparatının əməkdaşları İxtisaslaşmış Müalicə Müəssisəsində M.İbrahimovla yanaşı, AXCP üzvü Məhəmməd İmanlı, ictimai fəal Nicad İbrahim, Nicat Əlizadə və Vüqar Vəliyevlə də görüşüb.
Ombudsman Aparatının əməkdaşları həmçinin Bakı İstintaq Təcridxanasında Qarabağ yürüşünə görə həbs olunan AXCP fəalları Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Asif Yusifli, Bəxtiyar İmanov, Ayaz Məhərrəmov, Telman Seyfullayev, Seymur Əhmədov, İsmayıl Həsənov, Fərid Abadov, Ceyhun Novruzov, Məhəbbət Nağıyevlə də görüşdüklərini bildirib: “Qəbullar zamanı adıçəkilən təqsirləndirilən şəxslər müəssisədə onlarla rəftardan və saxlanma şəraitindən şikayət etməyiblər. Barələrində aparılan istintaqla bağlı qaldırdıqları məsələlər üzrə hər birinə hüquqi məsləhətlər verilib”.
M.İbrahim Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsilə – koronavirus yaymaqda ittiham olunur. Ailə üzvləri isə bildirir ki, bu ittiham saxtadır, Mehdi virusa yoluxmayıb. Onu iyulun 15-də Qarabağa dəstə yürüşündə iştirakına görə saxlayıblar. Sonradan onu buraxmaq istəsələr də, AXCP funksioneri Məmməd İbrahimin oğlu olduğunu biləndə saxlamaq qərarına gəliblər. İyulun 20-də isə ona koronavirusu yayma ittihamı verilərək, barəsində cinayət işi başlanıb.
Ailə üzvləri onu vurğulayır ki, koronavirusa yoluxmuş olsaydı, M.İbrahimov məhkəməyə polislərlə eyni maşında, xüsusi geyim və başqa qoruyucu vasitələr olmadan gətirilməzdi.
M.İbrahimov futbol məşqçisidir. Ailəsi bildirir ki, atası və digər iki qardaşından fərqli olaraq, o, siyasətdən kənarda olub.