Mehdi İbrahimov ev dustaqlığına buraxılıb

Vəkil vurğulayıb ki, məhkəmə M.İbrahimovun indiyədək hətta inzibati xətaya belə yol verməməsi və digər amilləri nəzərə alaraq, onun həbsdən buraxılması barədə qərar çıxarıb.

Source: google.az


Məhkəmə vəkilin vəsatətini təmin edib

AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin həbsdə olan oğlu, futbol məşqçisi Mehdi İbrahimov ev dustaqlığına buraxılıb. Bu barədə avqustun 19-da Xətai Rayon Məhkəməsində qərar çıxarılıb. Qərara əsasən, M.İbrahimov haqqında həbs-qətimkan tədbiri dəyişdirilib, istintaq müddətində o, ev dustaqlığında olacaq.

M.İbrahimovun vəkili Aqil Layıc Meydan TV-yə bildirib ki, müvəkkili yaşayış yerini tərk etməmək, istintaqın gedişinə mane olmamaq şərtilə həbsdən buraxılıb: “Həbs-qətimkan tədbirinin ev dustaqlığına buraxılması barədə vəsatət vermişdik. Məhkəmə vəsatətimizi təmin etdi. Mehdi İbrahimov ev dustaqlığında olduğu müddətdə elektron daşıyıcı vasitəsilə hərəkət edəcək. Qərar faksla Penitensiar Xidmətin İxtisaslaşmış Müalicə Müəssisəsinə göndərəcək. Mehdi orada saxlanılır. Bu gün də həbsdən azad olunacaq”.

Vəkil vurğulayıb ki, məhkəmə M.İbrahimovun indiyədək hətta inzibati xətaya belə yol verməməsi və digər amilləri nəzərə alaraq, onun həbsdən buraxılması barədə qərar çıxarıb.

Məhkəmədə M.İbrahimov iştirak etməyib.

M.İbrahim Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsilə – koronavirus yaymaqda ittiham olunur. Ailə üzvləri isə bildirir ki, bu ittiham saxtadır, Mehdi virusa yoluxmayıb. Onu iyulun 15-də Qarabağa dəstə yürüşündə iştirakına görə saxlayıblar. Sonradan onu buraxmaq istəsələr də, AXCP funksioneri Məmməd İbrahimin oğlu olduğunu biləndə saxlamaq qərarına gəliblər.

İyulun 20-də isə ona koronavirusu yayma ittihamı verilərək, barəsində cinayət işi başlanıb.Ailə üzvləri onu vurğulayır ki, koronavirusa yoluxmuş olsaydı, M.İbrahimov məhkəməyə polislərlə eyni maşında, xüsusi geyim və başqa qoruyucu vasitələr olmadan gətirilməzdi.

M.İbrahimov futbol məşqçisidir. Ailəsi bildirir ki, atası və digər iki qardaşından fərqli olaraq, o, siyasətdən kənarda olub.

Ana səhifəSiyasətMehdi İbrahimov ev dustaqlığına buraxılıb