Məhbusun qardaşı: “Əməliyyat olunmasa, ayaqları tutula bilər”

Foto: Ceyhun Qurbanovun yaxınlarının arxivindən

18 il azadlıqdan məhrum edilən Ceyhun Qurbanovun səhhətinin ağırlaşdığı bildirilir

“Hər dəfə gətirirlər müalicə müəssisəsinə, 21 gün saxlayırlar, vaxt tamam olan kimi qaytarırlar cəzaçəkmə müəssisəsinə. Sadəcə, ad olsun ki, bəli, məhbus müalicə müəssisəsinə getmək istədi, biz də köçürtdük. Gerçəkdə isə nə müalicə var, nə müayinə… Epilepsiya dərmanlarını da özümüz alıb veririk ora…”.

Gəncə sakini Samit Qurbanov Gəncənin icra başçısına qarşı terrorda təqsirləndirilərək 18 illik həbsə məhkum edilmiş qardaşı Ceyhun Qurbanovdan danışır. Deyir, müxtəlif xəstəliklərdən əziyyət çəkən qardaşı həbsdə olduğu 4 il ərzində dəfələrlə müalicə müəssisəsinə köçürülüb, ancaq heç vaxt müalicə olunmayıb:

“Qardaşımın başında güclü ağrılar olur, uşaqlıqda lift qəzası keçirib, kəllə sümüyünün bir hissəsi əməliyyatla çıxarılıb, o vaxtdan daimi başağrıları olur, müalicələr götürməklə yüngülləşir. Ancaq müalicə müəssisəsi onu MRT aparatına sala bilmirdi, səbəb kimi qardaşımın çəkisinin 100 kilodan çox olmasını göstərirdilər. Nəhayət, aylarla yalvar-yaxarımızdan sonra nəhayət, bu ilin iyulunda onun özəl xəstəxanalardan birinə aparılıb başının müaliyə edilməsinə nail ola bildik. İndi isə belində və ayaqlarında şiddətli ağrılar var. Həm ağır çəki, həm ağrılar yeriməsinə imkan vermir. 4 il Kürdəxanı həbsxanasında əziyyət çəkib, 4 aydır ki, 11 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Nəhayət, iki həftədən çoxdur ki, növbəti dəfə müalicə müəssisəsinə köçürülüb, ancaq yenə deyirlər ki, bunu MRT etdirmək üçün gərək 24 kiloqram çəki atsın. Qardaşım havasızlıqdan, hormonal pozğunluqdan, xəstəlikdən şişib, yeməkdən yox… Yenə gözləyirlər ki, 21 gün tamam olsun, qaytarsınlar cəzaçəkmə müəssisəsinə. Bu adam sərbəst hərəkət edə bilmir, bel ağrısından yerlə sürünür, çayını, suyunu da dustaq yoldaşları verir. Əməliyyat olunmasa, ayaqları tamamilə tutula bilər”. 

Samit Qurbanov həbsxanada və Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində məhbuslara dərmanların verilməməsindən də danışır:

“4 ildir ki, həbsdədir. Qıcolmaya görə hələ uşaqlıqdan ömürlük təyin olunmuş və gündəlik istifadə etdiyi dərmanları özümüz alıb veririk. Bircə dəfə də ona qıcolmaya görə dərman verilməyib. Halbuki, azca həyəcan keçirəndə gün ərzində dəfələrlə qıcolması tutur”.

Ailədən bildirilib ki, məhbus 3 gündür heç bir müalicə, müayinə olunmadan Cəzaçəkmə Müəssisəsinə qaytarılıb.
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov Meydan TV-yə məsələ ilə maraqlanacağını deyib.

Ana səhifəBölgəMəhbusun qardaşı: “Əməliyyat olunmasa, ayaqları tutula bilər”