3 məhbus 49 gündür aclıq aksiyası keçirir
İŞİD-ə maliyyə yardımı, terror cəhdi, qadağan olunmuş ədəbiyyat əldə etmə kimi ittihamlarla həbs olunan 11 nəfərdən üçü – Babək Məmmədli, Amin Həsənov və Samir Qurbanov 49 gündür ki, aclıq aksiyası keçirir. Təqsirləndirilən şəxslərin hamısı, o cümlədən aclıq edən üç nəfər ittihamların onlara aidiyyəti olmadığını bildirirlər.
Onların işinə bir ildir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyilə baxılır. Aprelin 20-də keçirilən məhkəmə iclasında aclıq edən təqsirləndirilənlər deyib ki, onların səhhətində ciddi problemlər yaranıb. İstintaq təcridxanasında həkimlərin onları nəzarətdə saxladıqlarını, ehtiyac duyularkən tibbi müdaxilə edildiyini vurğulayıblar. Əlavə ediblər ki, bu gecə də vəziyyətləri kəskin pisləşib və onlara təcili sistem köçürülüb.
Təqsirləndirilən şəxslər vurğulayıb ki, cinayət törətmədikləri halda, həbs edilmələrinə, məhkəmənin bu işi ədalətli araşdırmamasına etiraz olaraq, aclıq edirlər. Bundan əvvəl təqsirləndirilən şəxslər məhkəmə zalında etiraz olaraq, qollarını ülgüclə kəsmişdilər.
Vəkillər ötən məhkəmə iclasında vəsatət qaldırmışdı ki, iş üzrə hal şahidi qismində tanınan, istintaqda təqsirləndirilən şəxslərin əleyhinə ifadə vermiş şəxslər məhkəmədə də dindirilsin. Məhkəmə onların məcburi gətirilməsi haqda qərar çıxarmışdı. Lakin aprelin 20-də hakim Səbuhi Hüseynov bildirib ki, şahidlər yenə gəlməyib. Vəkillər bildirib ki, bu, məhkəməyə qarşı hörmətsizlikdir. Məhkəmə özü bu cür hörmətsizliyə razılaşmamalıdır, mütləq gətirilib dindirilməlidir. Amma hakim qərar verib ki, onların ifadələri elan edilmiş sayılsın. Buna təqsirləndirilən şəxslər və vəkilləri etiraz ediblər.
Vəkillər cinayət işinin materiallarında bəhs olunan Tural adlı şəxs haqqında vəsatət qaldırıblar. Müdafiəçilər bildirib ki, məhkəmə üzərinə düşən vəzifəni yerinə yetirib, cinayət işinin materiallarında təxribatçı kimi bəhs olunan Tural adlı şəxsin kimliyini müəyyənləşdirməsə də, vəkillər bu işin öhdəsindən gəlib. Müəyyənləşdirilib ki, Xaçmaz sakini Vəlibəyov İmran Rafiq oğludur. Vəkillər onun fotosunu da əldə edib. Müdafiə tərəfi bu materialları məhkəməyə təqdim edərək, onun dindirilməsini istəyib. Cinayət işində iddia olunur ki, təqsirləndirilən şəxslərin İŞİD-ə maliyyə yardımı göndərməsi və digər əməllərindən “Tural” da xəbərdar olub.
Prokuror vəkillərin vəsatətinə münasibət bildirmək üçün öncə vaxt istəyib. Bir qədər sonra gəlib deyib ki, vəsatətin təmin olunmasına ehtiyac yoxdur. Məhkəmənin qərarı da prokurorun mövqeyinə uyğun olub – vəsatət təmin edilməyib.
Daha sonra hakim Səbuhi Hüseynov məhkəmə istintaqının başa çatdığını elan edib. Aprelin 27-də keçiriləcək məhkəmə iclasında prokuror təqsirləndirilən şəxslərə cəza istəyəcək.
Məhkəmə iclasından sonra təqsirləndirilən şəxslərin ailə üzvləri əvvəlcə Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında, daha sonra Prezident Administrasiyasının yaxınlığında etiraz aksiyası keçiriblər. Onlar bildiriblər ki, doğmaları heç bir cinayət törətmədikləri halda, həbs olunublar. Valideynlərin sözlərinə görə, terrora qarşı mübarizə görüntüsü yaratmaqdan ötrü onların övladlarını qurban verirlər. Məhkəmə də ədalətsizlik edərək, bütün bunlara göz yumur, həqiqəti nəinki üzə çıxarmağa çalışmır, əksinə, özü ört-basdır edir.
“Ay İlham Əliyev, bizi niyə eşitmirsən, sənin təyin elədiyin məmurlar, hakimlər bizə, balalarımıza zülm eləyir. Mənim balam 50 gündür acdır. Sən prezidentsən axı, vətəndaşın dərdini dinləməlisən. Adama bu ittihamı verəndə maraqlanmazlar ki, bunlar özləri çörək tapırmı yeməyə, İŞİD-ə də yardım etsin?”, – təqsirləndirilən Babək Məmmədlinin anası Esmira Məmmədova bildirib.
Prezident Administrasiyasına gedən valideynlərin qarşısını polislər kəsib. Qarşıdurma nəticəsində valideynlərdən bir neçəsinin vəziyyəti pisləşib.